ABŞ-da aktivlərinin həcmi $3,16 milyard olan 5 bank bağlanıb
ABŞ hökuməti ölkənin 5 ştatında fəaliyyət göstərən 5 bankı və onların bölmələrini bağlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Əmanətlərin sığortalanması üzrə Federal Korporasiya (FDİC) açıqlama verib.
Korporasiyanın məlumatına görə, bağlanmış bankların aktivlərinin ümumi həcmi $3 milyard 159,5 milyon, əhali əmanətlərinin həcmi isə $2 milyard 637,6 milyon təşkil edir.
Bu aktivlər və depozitlər Columbia River Bank (Oregon ştatı), Evergreen Bank (Vaşinqton), Charter Bank (Nyu-Meksiko), Bank of Leeton (Missuri), Premier American Bank (Florida) banklarına məxsus olub. Adıçəkilən bankların bölmələri yaxın günlərdə depozitləri almış bankın adı altında fəaliyyətə başlayacaq.
FDİC məlumatına görə, hazırda ABŞ-da 8099 bank mövcuddur. Yeni il başlayandan bəri hökumət 9 bankı ləğv edib. 2009-cu ildə isə bağlanan bankların sayı 140-a çatıb.