Yanvar ayında Azərbaycanın milli valyutası dollara nisbətən son 4 ayda ən aşağı səviyyəyə qədər ucuzlaşsa da, avroya nisbətən 7,5 ayda ən yüksək həddə qədər bahalaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb.
Yanvar ayında milli valyuta ABŞ dollarına nisbətən 0,1% ucuzlaşıb. Ay ərzində 1 ABŞ dolları 0,8029-dan 0,8035 manata yüksəlib. Dollar manata nisbətən son 4 ayda maksimum həddə çatıb. ABŞ valyutasının manata nisbətən məzənnəsi sonuncu dəfə ötən ilin oktyabr ayının əvvəllində bu səviyyədə olub.
2009-cu ildə ümumilikdə manat ABŞ valyutasına nisbətən 0,2% qiymətdən ucuzlaşmışdı. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda dekabrın sonuna 0,8031 manata kimi yüksəlib. Ötən il manatın dollara nisbətən ən yüksək həddi (0,8015) yanvarın əvvəli qeydə alınıb.
Avro zonada yaranan gərginlik səbəbindən avronun son vaxtlar digər valyutalara nisbətən ucuzlaşması öz təsirini manata nüsbətdə də göstərib. Belə ki, ötən ay manat dollardan fərqli olaraq avroya nisbətən 3,7% bahalaşıb. Yanvarda 1 avro 1,1575-dən 1,1152 manata kimi ucuzlaşıb. Avropa valyutası bununla da son 7,5 ayda minimum həddə qədər dəyərdən düşüb. Avro sonuncu dəfə iyunun 17-də 1,1150 manat olub.
2009-cu ildə isə ümumilikdə manat avroya nisbətən 3,4% ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1123 manatdan ilin sonuna 1,1499 manata kimi yüksəlib.
Yeni ildə manat Britaniya funt sterlinqinə nisbətən 0,4% ucuzlaşıb. Ay ərzində 1 funtun məzənnəsi 1,2911 manatdan 1,2962 manata kimi yüksəlib. 2009-cu ildə manat Britaniya puluna nisbətən 10% qiymətsizləşib.
Yanvarda Yapon iyenası manata nisbətən 2% bahalaşıb. Ay ərzində 100 Yapon iyenası 0,8758 manatdan 0,8935 manata enib. Manatın rus rubluna nisbətən məzənnəsi yanvarda sabit qalıb. Ötən il isə rus pulu manata nisbətən 3,3% ucuzlaşmışdı.