Qazaxıstanın Milli Bankı valyuta dəhlizini genişləndirdi
Tenqenin dollara məzənnəsi 127,5-dən 165-ə kimi dəyişə bilər
Qazaxıstanın milli valyutası tenqenin dollara olan məzənnəsinin əvvəllər mövcud olmuş “150 tenqe ± 3%” dəhlizinə dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən bu dəhlizin aşağı həddi “150 tenqe – 15%”, yuxarı həddi “150 tenqe + 10%” müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 1 dollar 127,5-dən 165 tenqeye kimi dəyişə bilər.
“İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Qazaxıstanın Milli Bankı açıqlama yayıb.
Bankın açıqlamasında qeyd edilir ki, “2010-cu ildə milli valyutanın ABŞ dollarına olan məzənnəsi orta hesabla 150 tenqe səviyyəsində saxlanılacaq. Ancaq dünya əmtəə və valyuta bazarlarında vəziyyətin dəyişməsindən asılı olaraq, o cümlədən məzənnənin çevikliyinin artırılması üçün şəraitin yaradılması məqsədilə tenqenin rəqs dəhlizi indiki məzənnədən 15 tenqe çox və 22,5 tenqe az olmaqla genişləndiriləcək.”
Yeni valyuta dəhlizi fevralın 5-dən 2011-ci ilin mart ayının 20-nə kimi qüvvədə olacaq.