Bir özəl bank orta hesabla 96 milyon manatlıq kredit yatırıb
Ötən il özəl bankların kredit qoyuluşu azalıb
Ölkə iqtisadiyyatına 2009-cu ildə bir özəl bank tərəfindən yatırılan kreditin həcmi orta hesabla 96 milyon manat təşkil edib. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına əsasən verdiyi məlumata görə, ötən il özəl banklar tərəfindən yatırılan kreditlərin həcmi 4,3 milyard manat olub.
2009-cu ildə dövlət bankı tərəfindən iqtisadiyyata 3,9 milyard manat, özəl banklar tərəfindən 4,3 milyard manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 177 milyon manat həcmində kredit qoyulub.
2008-ci illə müqayisədə ötən il yeganə dövlət bankı tərəfindən ölkə iqtisadiyyatına yatırım 884,2 milyon manat artıb. Bununla da Beynəlxalq Bankın ümumi kreditlərdə payı 42,3%-dən 46,5%-ə qədər yüksəlib.
İl ərzində kredit qoyuluşlarında özəl banklarının yatırımı 357,7 milyon manat artsa da, cəmi kreditlərdə payı 55,3%-dən 51,4%-ə qədər azalıb.
Yola saldığımız ildə xarici kapitallı banklar ölkə iqtisadiyyatına 2,1 milyard (25,4%), 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 386,6 milyon manat (4,6%) həcmində kredit yönəldiblər.
Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu il ərzində 2,2 milyon artaraq 177 milyon manata yüksəlib.