Dünya iqtisadiyyatının dirçəlişi və Yunanıstanın maliyyə problemləri ilə bağlı investorların narahatlığının azalması fonunda avro dollara nisbətən bahalaşmağa başlayıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 17-də əvvəlki günlə müqayisədə 1 avronun məzənnəsi 1,3770 dollardan 1,37778 dollara yüksəlib.
Avropa valyutasının Yaponiya valyutasına nisbətən bahalaşması da müşahidə edilib. Avro 124,12 iyenadan 124,44 iyenaya yüksəlib.
Qeyd edək ki, Yunanıstanın maliyyə naziri Georgies Papakonstantina açıqlamasında bildirib ki, ölkəsi yardıma ehtiyac duymur. Ölkənin vergi idarələrinin əməkdaşları iş yerlərinin ixtisarı və büdcə sferasında əmək haqlarının artımının dayandırılması planı ilə bağlı tətili təxirə salıblar. Bu addımdan sonra investorlar hesab edir ki, Yunanıstanın həmkarlar ittifaqları dövlət xərclərinin ixtisarına maneçilik törətməyəcəklər.