Azərbaycanda avronun məzənnəsi 9 aylıq minimuma enib
2010-cu ildə avro manata nisbətən 5,7% ucuzlaşıb
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 9 ay 10 gündə ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın statistik məlumatına görə, fevralın 19-da Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0836 manat müəyyən edilib. Bu 10 may 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0744 manata bərabər olub. Sonrakı tarixlərdə avronun kursunda möhkəmlənmə müşahidə edilib və hətta və dekabrın 2-də 1,2110 manata kimi yüksəlib.
Avronun manata rəsmi məzənnəsi 2010-cu ildə ən aşağı həddə düşüb. 2010-cu ildə avro manata nisbətən 5,7% ucuzlaşıb. Məlumat üçün bildirək ki, dekabrın 30-u tarixində avro 1,1499 manata bərabər olub.
Avronun ucuzlaşması avrozonada Yunanıstanın timsalında baş verən problemlərlə bağlıdır. Hökumətin büdcə xərclərinin ixtisarı ilə bağlı planları epizodik olaraq avronun bahalaşmasını təmin etsə də ümumilikdə bu valyutanın məzənnəsində ucuzlaşma müşahidə edilir. Hazırda dünyada 1 avro 1,35 dollardan da aşağı kursla dəyişdirilir. Artıq bir sıra analitiklər, maliyyə institutları avronun ilin sonuna kimi daha da ucuzlaşacağını pronozlaşdırır.