Hazırda ölkədə fəaliyyət göstərən 46 bankın 14-ü POS-terminalların quraşdırılması sahəsində xidmət göstərmir ki, bu da bütün bankların 30%-ni təşkil edir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bank məlumat verir.
Bankın məlumatına görə, hazırda 32 bank POS terminal quraşdırmağa üstünlük verir. 14 bank isə belə xidmət göstərmir. POS terminal quraşdırmayan banklar arasında AF-Bank, Paşa Bank, Poçtbank kimi bankların adı var. Eyni zamanda xarici ölkələrin banklarının filialları da (Melli İran Bank, Pakistan Milli Bankı) bu xidməti göstərmir.
8 bankda POS terminalın quraşdırılması üçün ilkin depozit tələb olunmur. Bu bankların sırasına Atrabank, Kapital Bank, Azərbaycan Sənaye Bankı, Yapi Kredi Bank, Muğanbank və Nikoyl Bank daxildir.
Banklar arasında ən yüksək depozit miqdarı (840 manat) isə Xalq Bankında tələb olunur.
POS terminala xidmət haqqının ən aşağı həddi Dekabankda (0,03%), ən yüksək həddi (2,6%) isə Debüt Bankdadır.
Ən az aylıq xidmət haqqı Parabankdadır. Bu bank göstərdiyi aylq xidmət haqqının dəyəri 5 manatdır. Dekabank və Texnikabank-da isə ümumiyyətlə aylıq haqq tələb olunmur.
Xidmət göstərdiyi kartların sayına görə Bank Standard və Beynəlxalq bank üstünlük təşkil edir. Bu banklar 4 karta xidmət göstərir. Bank Standart VİSA, Master Card, DClub və Lokal kartlarına, Beynəlxalq bank isə VİSA, Master Card, American Express və Lokal kartları ilə işləyir.
Bir sıra banklar yalnız bir karta xidmət göstərir. Məsələn, Azər-Türk bank, Günay və Dekabank Lokal, Kredobank, Nikoyl və Atabank VİSA, Debüt, Rabitəbank, Turanbank və Yapi Kredi Bank isə Master Card kartlarına üstünlük verir.
Xatırladaq ki, hazırda ölkədə 8657 POS terminal fəaliyyət göstərir. Bütün terminalların 91%-i Bakının, 9%-i isə regionların payına düşür. POS terminalların 91%-i pərakəndə ticarət, ictimai iaşə və digər xidmət müəssisələrində quraşdırılıb.