Elman Rüstəmov: “Valyuta ehtiyatlarının strukturunda radikal dəyişiklik gözlənilmir”
“Bu gün valyuta ehtiyatlarının, o cümlədən investisiyaların strukturunda radikal dəyişiklik gözlənilmir. Bunun üçün fundamental əsas da yoxdur”. “İqtisadi forum” jurnalının məlumatına görə, bunu Milli Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında söyləyib.
Elman Rüstəmovun sözlərinə görə, hazırda hökumətdə və Milli Bankda valyuta ehtiyatlarının strukturu haqqında müzakirə aparılır.
Milli Bankın sədrinin fikrincə, 2010-cu ildə Azərbaycanda inflyasiya səviyyəsi birrəqəmli olacaq.
Sədr qlobal maliyyə böhranının hələ başa çatmadığını da vurğulayıb: “Bunun Azərbaycana təsiri də var. Amma bu təsiri neytrallaşdırmaq üçün ölkənin kifayət qədər makroiqtisadi dayaqları var”.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının strukturunda ABŞ dolları 85%, avro 10%, ingilis funtu isə 5% paya malikdir.