Şimaldan ölkəmizə hər gün orta hesabla $1,8 milyon göndərilir
Ötən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26% azdır. 2008-ci ildə pul köçürmələrinin gündəlik həcmi orta hesabla 2,4 milyon dollara bərabər olub. İl ərzində Azərbaycana pul köçürmələri üçün aparılan əməliyyatları sayı təxminən 1 milyondan çox olub və hər əməliyyat zamanı orta hesabla 660 dollar məbləğində vəsait köçürülüb. Halbuki 2008-ci ildə bu göstərici 825 dollara bərabər olub.
“İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycanla şimal qonşumuz arasındakı pul köçürmələrinin ümumi dövriyyəsi $721 milyon səviyyəsində olub. Bu müddətdə Azərbaycandan Rusiyaya $60 milyon, Rusiyadan ölkəmizə isə $661 milyon məbləğində pul köçürmələri həyata keçirilib. Rusiyaya bir köçürmənin orta məbləği $605, Azərbaycana isə bir əməliyyatın orta məbləği təxminən $660 təşkil edib.
2008-ci ildə pul köçürmələrinin ümumi dövriyyəsi 2009-cu illə müqayisədə 23% və ya $215 milyon çox - $936 milyon səviyyəsində olub. Həmin il Rusiyaya $49 milyon, əksinə isə $887 milyon göndərilib.
Pul köçürmələri Anelik, BLIZKO, Coinstar Money Transfer, Contact, InterExpress, Migom, MoneyGram, PrivatMoney, UNIStream, Western Union, AziyaEkspress, ALLUR, Blits, Bıstraya Poçta, Quta Sprint, Zolotaya Korona, Lider sistemləri vasitəsilə həyata keçirilib.
Rusiyadan MDB ölkələri arasında ən çox Özbəkistana pul göndərilib. Ötən il Özbəkistana göndərilən pul köçürmələrin həcmi 2,05 milyard dollar təşkil edib. Bundan başqa Tacikistana $1,7 milyard, Ukraynaya $1,34 milyard, Qırğızıstana $894 milyon, Ermənistana $848 milyon, Moldovaya $764 milyon məbləğində pul köçürülüb. Eyni zamanda Qazaxıstana, Gürcüstana və Belorus göndərilən pulun məbləğin uyğun olaraq $160 milyon, $366 milyon və $96 milyon olub. Siyahıda sonuncu olan Türkmənistana isə il ərzində $33 milyon göndərilib.
Rusiyadan göndərilən pul köçürmələrin həcminə görə MDB ölkələri arasında 7-ci olan Azərbaycan bir əməliyyatla göndərilən vəsaitin orta həcminə ($660) görə liderdir. Növbəti yerdə Ermənistan ($642), Gürcüstan ($632) və Özbəkistan ($574) gəlir.
Ötən il Azərbaycana pul göndərmək üçün ümumilikdə təxminən 1 milyon əməliyyat aparılıb. Bu müddətdə Azərbaycana göndərilən pulun gündəlik həcmi orta hesabla $1,8 milyon təşkil edib. Bu göstərici Özbəkistanda $5,6 milyon, Tacikistanda $4,7 milyon, Ukraynada $3,7 milyon, Qırğızıstanda $2,5 milyon təşkil edib. Ermənistanda hər gün $2,3 milyon, Qazaxıstana $438 min, Gürcüstana $1 milyon, Belorusa $263 min, Türkmənistana $90 min məbləğində pul göndərilib.