Yanvar ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 27,9 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, problemli kreditlərin ümumi kreditlərdə payı 3,9% təşkil edib.
Cari ilin ilk ayında vaxtı keçmiş kreditlərin həcmi 9,2% artaraq 331,4 milyon manata çatıb. Ötən ilin dekabr ayında bu kreditlər 303,5 milyon manat təşkil edib.
Yola saldığımız ilin müvafiq dövrü ilə müqayisədə yanvarda vaxtı keçmiş kreditlər 2 dəfə artıb. 2009-cu ilin yanvarında bu göstərici 176,5 milyon manata bərabər olub. Vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payında da artım müşahidə edilib. Belə ki, ötən ilin yanvarında kreditlərin 2,5%-i problemli olduğu halda bu il onların həcmi 3,9%-ə artıb. Dekabrda bu göstərici 3,6% olub.
İlk ayda vaxtı keçmiş kreditlərin 63,7%-i və ya 211 milyon manatı milli, 36,3%-i və ya 100,8 milyon manatı xarici valyutaların payına düşüb.
Problemli kreditlərdə qısamüddətli kreditlərin payı 51%, uzunmüddətli kreditlərin payı 49% olub. Bu kreditlərin həcmi müvafiq olaraq 169,1 milyon və 162,3 milyon manat təşkil edib.