Cari ilin yanvarında xarici ticarət əməliyyatlarında yük daşınmaları 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 227,7 min ton artıb və 3,06 milyon ton təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvarında müxtəlif növ nəqliyyat vasitələri ilə yük daşınmaların həcmi 2,84 milyon ton olub.
Yük daşınmalarının 84,6%-i ixracın, 15,4%-i isə idxalın payına düşüb. Bu müddətdə 2,59 milyon ton həcmində yük ölkə xaricinə, 476,6 min ton isə ölkəyə daxilinə daşınıb.
İxrac əməliyyatlarının 87,6%-i və ya 2,27 milyon tonu boru kəməri ilə nəql edilib. Xarici ölkələrə dənizlə 6,6 min ton, dəmiryolu ilə 206,3 min ton, avtomobillə 50,6 min ton və hava ilə 57,5 min ton həcmində yük göndərilib. Bu nəqliyyat növlərinin ümumi ixrac daşınmalarında payı uyğun olaraq 0,3%, 8%, 2% və 2,2% təşkil edib.
İdxal əməliyyatlarında daşınmanın əsas yükü həmişə olduğu kimi dəmiryolu nəqliyyatının payına düşüb. Ölkəyə gətirilən yüklərin 71,67%-i və ya 341,5 min tonu dəmiryolu vasitəsilə daşınıb. İdxal üzrə yük daşınmalarının 29,9 min tonu dəniz, 103,3 min tonu avtomobil, 0,9 min tonu isə hava nəqliyyatı vasitəsilə həyata keçirilib. Bu nəqliyyat növlərinin ümumi idxal daşınmalarında payı uyğun olaraq 6,3%, 21,7% və 0,2% təşkil edib.
Komitənin məlumatına görə, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri əsasında aparılıb. Hesabat dövründə gömrük orqanlarında 13659 ədəd yük gömrük bəyannaməsi rəsmiləşdirilib.
Ölkə ərazisindən keçirilən tranzit yüklərin həcmində də artım müşahidə edilib. Yanvar ayında tranzit olaraq ölkə ərazisindən 783,1 min ton yük keçirilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 293,5 min ton çoxdur. Tranzit yüklər əsasən Bermud adaları (328,9 min ton), İsveçrə (176,1 min ton), İtaliya (128,1 min ton), Gürcüstan (33,4 min ton), Türkmənistan (27,1 min ton), İran (24,3 min ton), Rusiya (18,9 min ton), Tacikistan (18,6 min ton), Əfqanıstan (17,5 min ton) və Türkiyə (6,2 min ton) kimi ölkələrə göndərilib.