Ölkəni birdəfəlik tərk edənlərin 40%-i ali təhsillidir
Miqrantların 7501 nəfəri ölkəyə gələnlər, 7499 nəfəri isə ölkədən gedənlər olmuş, gələnlərin 66,2 faizini, gedənlərin isə 66,8 faizini kişilər təşkil edib. “İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Dövlət Statistika Komitəsi miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsi məqsədilə 2009-cu ilin iyul, sentyabr və noyabr aylarında 15 min miqrant arasında statistik müayinə aparıb.
Müayinənin nəticəsinə görə, Azərbaycana gələnlərin 46,1 faizi, ölkədən gedənlərin isə 46,5 faizi hava yolları, müvafiq olaraq 17,3 və 17,4 faizi dəmir yolları, 36,6 və 36,1 faizi avtomobil yollarından istifadə edib.
Ölkəyə gələnlərin 47,6 faizi, gedənlərin isə 27,6 faizi öz evinə qayıdanlar, müvafiq olaraq 18,1 və 15,5 faizi qonaq, 7,5 və 10,4 faizi turist kimi, 7,2 və 16,3 faizi işləməyə, 6,9 və 6,3 faizi xidməti və işguzar ezamiyyətə gələnlər və gedənlərdir.
İşləməyə gələnlərin 73 faizi, gedənlərin 80 faizi haqqı ödənilən əmək fəaliyyəti ilə, qalanları isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərdir.
Azərbaycandan işləməyə gedənlərin sayı ölkəmizə işləməyə gələnlərin sayından 2,2 dəfə, müalicəyə gedənlərin sayı gələnlərdən 2,8 dəfə, oxumağa gedənlərin sayı gələnlərdən 63,6 faiz, turist kimi ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən 38,4 faiz çox, gələnlərin tərkibində evə qayıdanların sayı gedənlərin sayından 72,5 faiz, qonaq gələnlərin sayı qonaq gedənlərin sayından 16,7 faiz çox olub. Oxumağa gələnlərin 64,7 faizini, müalicəyə gələnlərin 52,2 faizini, qonaqların 57,2 faizini, oxumağa gedənlərin 62,1 faizini, müalicəyə gedənlərin 50,6 faizini, qonaqların isə 47 faizini kişilər təşkil edib.
Mütləq əksəriyyətini gənclər təşkil edən oxumağa gedən və gələnlər, eləcə də 50 və yuxarı yaşda olan, müalicəyə gedən və ya gələn miqrantlar istisna edilməklə, miqrasiyanın yerdə qalan məqsədləri üzrə istər gələnlər və istərsə də gedənlər arasında 30-49 yaşında miqrantlar çoxluq təşkil edir. Xidməti və ya işgüzar ezamiyyətə gələnlərin 80, gedənlərin isə 73 faizini, işləməyə gələnlərin 72, gedənlərin isə 69 faizini 30-49 yaşında olan miqrantlar təşkil edib.
Oxumağa gedən 18-29 yaşlı gənclərin sayı ölkəyə gələnlərdən 68 faiz, 50 və yuxarı yaşlılar arasında müalicəyə gedənlərin sayı gələnlərin sayından 2,8 dəfə çox olub.
Müayinənin yekunlarına görə, Azərbaycana gələnlərin 46,6 faizi MDB üzvü olan dövlətlərdən (onların ümumi sayından 39,2 faizi Rusiya Federasiyasından gələnlərdir), 13,2 faizi Türkiyədən, 13,0 faizi Gürcüstandan, 11,7 faizi İran İslam Respublikasından, 5,2 faizi Birləşmiş Ərəb Əmirliklərindən, 3,5 faizi Avstriyadan, 1,6 faizi Böyük Britaniyadan, 5,2 faizi isə digər ölkələrdən gəliblər.
Yeni daimi yaşayış yerlərinə gələnlərin 41,8 faizi, müalicəyə və qonaq gələnlərin müvafiq olaraq 43,4 və 59,7 faizi MDB ölkələrindən, işləməyə və turist kimi gələnlərin isə müvafiq olaraq 34,1 və 37,9 faizi İran İslam Respublikasından 24,7 və 13,2 faizi Türkiyədən gəlmişlər.
Yeni daimi yaşayış yerinə köçüb gedənlərin 40 faizi ali, 30,8 faizi orta ixtisas təhsilli mütəxəssislərdir. Miqrantların son yaşayış yeri üzrə məşğuliyyətinə görə gələnlərin 25,2 faizi ticarət sistemində, 6 faizi nəqliyyatda işçiləri, 4,7 faizi fəhlə işləmiş, 4,3 faizi müəllim, 3,5 faizi mühəndis, 3,1 faizi həkim, 3,1 faizi kənd təsərrüfatı, 2,1 faizi maliyyə, mühasibat və bank, 1,6 faizi rəhbər işçi, 7,9 faizi evdar qadın, 6,9 faizi tələbə, 3,9 faizi işsiz, 2,6 faizi pensiyaçılar olmuşdur. İşləməyə gələnlərin 30,8 faizi ticarət işçiləri, 10,5 faizi fəhlə, hərəsi 5,7 faizi rəhbər işçilər, 5,7 faizi mühəndislər, müalicəyə gələnlərin 16,5 faizi pensiyaçılar, 14,3 faizi evdar qadınlardır.
Əmək haqqının azlığına görə öz ölkəsini tərk edib Azərbaycana gələnlərin 77,3 faizini, Azərbaycandan gedənlərin isə 86,9 faizini milliyyətcə azərbaycanlılar, müvafiq olaraq 9,1 və 1,6 faizini türklər, 2 və 0,7 faizini ruslar təşkil edib.