“Yaşayış-tikinti bankları” haqqında qanun layihəsi hazırlanır
Mərkəzi Bank “Yaşayış-Tikinti Bankları” haqqında qanun layihəsini hazırlayır. Bank ölkədə ipoteka bazarını aktivləşdirmək məqsədi ilə alman modelini tətbiq etməyi nəzərdən keçirir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Alim Quliyevin açıqlamasına görə, Mərkəzi Bank ipoteka kreditləşməsi ilə bağlı xarici maliyyə resurslarının cəlb edilməsi istiqamətində xarici təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirir. Hazırda məsələ ilə bağlı danışıqlar aparılan maliyyə qurumlarının bu işə cəlb edilməsi gözləniləndir.
Onun sözlərinə görə, layihənin qəbulu və tətbiqi nəticəsində yaşayış-tikinti banklarının yaradılmasına imkan yaranacaq ki, bu da öz növbəsində ipoteka sahəsində daha yaxşı nəticələrin əldə olunacağına gətirib çıxaracaqdır.
Bank rəsmisinə görə, ipoteka krediti bazarının aktivləşdirilməsini hədəf seçən Mərkəzi bank Avropada geniş yayılan və Almaniya variantı kimi tanınan “Yaşayış-Tikinti Bankları” haqqında qanun layihəsinin tətbiqini həyata keçirmək niyyətindədir. Yaşayış-tikinti banklarının fəaliyyətinin mahiyyəti isə ondan ibarətdir ki, vətəndaşların vəsaitinin həmin banklara yatırılması müqabilində onlar daha böyük məbləğdə ipoteka kreditləri əldə etmək imkanı qazana biləcəklər.