Dünyada baş verən maliyyə-iqtisadi təlatüm hələ də qarşısı alınmayan və bunu yaxın zamanlarda mümkün olması şübhə doğuran genişmiqyaslı resesiyaya gətirib çıxardı. 2009-cu ildə qlobal ÜDM ən azı 2,5% azalacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni məruzəsində qeyd olunur.
Sənəddə qeyd olunur ki, ABŞ-da ipoteka bazarından başlanğıcını götürən maliyyə böhranı tezliklə Amerikanın bütün maliyyə sistemini və digər ölkələrin maliyyə bazarlarını “yoluxdurdu”. “Öz miqyasına və dərinliyinə görə misli görünməmiş olan bu böhranın toxunmadığı ölkə qalmadı” – məruzədə qeyd olunur. Məruzə müəllifləri hesab edirlər ki, 2009-cu ildə hətta Çin və Hindistanda iqtisadi artım əhəmiyyətli dərəcədə azalacaq.
BMT ekspertlərinin fikrincə, dünya iqtisadiyyatının yaxın zamanlarda böhrandan əvvəlki artım trayektoriyasına qayıtması ehtimalı çox azdır. Müəlliflər hesab edir ki, ÜDM-in azalmasının qarşısını almaq üçün maliyyə-büdcə və pul-kredit siyasətində stimullaşdırıcı məzənnələri saxlamaq və hətta artırmaq lazımdır. Bu şəraitdə qlobal ÜDM-in artım tempi 2010-cu ildə yenidən müsbət ola bilər. Amma böyük ehtimalla bu artım 1,6%-i ötməyəcək.