Martın 1-i tarixinə ölkənin ümumi daxili məhsulunun həcmi 689,6 manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 236,7 milyon manat çoxdur. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 689,6 manata bərabər olub.
Komitənin məlumatına görə, ilin yanvar-fevral aylarında iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artıb.
ÜDM-in 67,4 faizi istehsal sahələrində, o cümlədən 60,3 faizi sənayedə, 5,5 faizi tikintidə, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 25,7 faizi isə xidmət sahələrində yaradılıb.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,1 faizi nəqliyyat, 6,6 faizi informasiya və rabitə, 27,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər, 4,3 faizi yaşayışın təşkili və ictimai iaşə xidmətləri, 37,3 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,9 faizini təşkil edib.