2009-cu ilin noyabr ayından sonra ilk dəfə olaraq Mərkəzi Bankın valyuta ehtiyatının həcmində artım qeydə alınıb. Bu ilin mart ayında ehtiyatların həcmi 8,6% artaraq 5 milyard 510 milyon ABŞ dollarına çatıb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 435,5 milyon dollar artıb.
Yeni ilin 3 ayı ərzində Mərkəzi Bank ehtiyatını 6,8% və ya 348,3 milyon dollar çoxaldıb və 5 milyard 510 milyon ABŞ dollarına çatdırıb. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib. Ehtiyatın hazırki səviyyəsi ötən ilin fevral ayından bəri ən yüksək göstəricidir. Fevralda ehtiyatın həcmi 5 milyard 636 milyon ABŞ dolları təşkil edib.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə martda valyuta ehtiyatı 11,1% və ya 548,2 milyon dollar artıb. Ötən ilin martında bu göstərici 4 milyard 961 milyon 800 min dollara bərabər olub.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub.