2010-cu ildə dünya iqtisadiyyatının artım proqnozları
BVF 4,1%, Fitch 2,8% gözləyir
2010-cu ildə dünya iqtisadiyyatı 4,1% arta bilər. “İqtisadi forum” jurnalının İtaliyanın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, bu, BVF-nin ekspertlərinin qeyri-rəsmi gözləntiləridir.
Bundan əvvəlki proqnozunda BVF 2010-cu il üçün ÜDM-in artımını 0,2% az nəzərdə tuturdu. Fondun gözləntilərinə görə, ABŞ iqtisadiyyatı bu il 3%, avrozona iqtisadiyyatı isə 0,8% artacaq. 2011-ci ildə artım 1,5% təşkil edəcək.
Fondun ekspertləri qeyd edirlər ki, böhrandan sonra Avropa iqtisadiyyatı Yunanıstandakı problemlər də daxil olmaqla daxili amillər səbəbindən digər regionlarla müqayisədə ləng dirçəlir.
BVF-nin dünya iqtisadiyyatında artım üzrə növbəti proqnozu aprelin 21-də dərc olunmalıdır.
Fitch Ratings reytinq agentliyi isə 2010-cu ildə dünya iqtisadiyyatının 2,8% artacağını proqnozlaşdırıb. Agentliyin Global Economic Outlook adlı hesabatında qeyd edilir ki, ötən ilin ortalarından start götürmüş iqtisadi dirçəliş daha intensiv xarakter alır.
Dekabr ayında hazırladığı hesabatdan fərqli olaraq sonuncu hesabatda sənayecə inkişaf etmiş ölkələrdə iqtisadi artım proqnozunu 0,3% artırmaqla 1,9%-ə yüksəldib.
Agentliyin proqnozuna görə, hökumətlərin həyata keçirdikləri stimullaşdırıcı tədbirlərin dayandırılması ehtimalına baxmayaraq sənayecə inkişaf etmiş ölkələrdə 2011-ci ildə də artım tempi davam edəcək.