Yeni il Azərbaycan bankları üçün uğursuz başlayıb. Dünya qlobal böhrandan qurtulmaq ərəfəsində olduğu bir dövrdə böhranın təsiri Azərbaycan banklarına deyəsən, indi çatır. Yanvar ayında ölkə üzrə zərərlə işləyən bankların sayı 2 dəfə artaraq 13-ə çatıb. Bu, 2006-cı ildən sonra ən yüksək göstəricidir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən il belə bankların sayı 7 olub.
2010-cu ilin fevral ayının 1-i vəziyyətinə ölkə banklarının əldə etdikləri mənfəətlərin həcmi 28,08 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,2 dəfə azdır. 2009-cu ilin yanvarında bu göstərici 62,56 milyon manat olub. Ay ərzində mənfəətlə işləyən bankların sayı 39-dan 33-ə düşüb.
Bu müddətdə bankların zərəri 2 dəfə artıb. İlin ilk ayında bankların zərəri 12,42 milyon manat olub. Ötən ilin yanvarında isə zərərin həcmi 7,4 milyon manat təşkil edib. Zərərlə işləyən bankların sayı isə 7-dən 13-ə yüksəlib. Bu o deməkdir ki, ölkə banklarının 28%-i zərərlə işləyib.
Fevralın 1-i vəziyyətinə bankların yekun mənfəəti 15,66 milyon manata bərabər olub. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 54,53 milyon manat olub.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.