Azərbaycanda avronun rəsmi məzənnəsi 11 aylıq minimuma enib
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 11 ayda ən aşağı səviyyəyə düşüb. Hazırda 100 avro həmin məbləğdəki milli valyutadan cəmisi 7 manat bahadır. Halbuki ilin əvvəlində bu fərq 15 manatdan çox olub.
Mərkəzi Bankın məlumatına görə, aprelin 7-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1.0758 manat müəyyən edilib. Bu 10 may 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0744 manata bərabər olub.
Qeyd edək ki, 2010-cu ildə avro manata nisbətən ümumilikdə 7,1% ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1575 manatdan 1,0758 manata kimi ucuzlaşıb.
Xatırladaq ki, ötən ay isə avro manata nisbətən 1,4% ucuzlaşıb. Mart ayı ərzində 1 avro 1,0916-dan 1,0759 manata kimi ucuzlaşıb.
Bu, dünya bazarında avronun ucuzlaşması ilə bağlıdır. Yunanıstan böhranının həllini tapmaması və bu böhranın digər ölkələrə yayılma ehtimalının yüksək olması Avropa valyutasını təyziq altında saxlayır. Dünya bazarlarında hazırda 1 avro 1,3372 dollara dəyişdirilir.