“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı konfrans keçirib
Aprelin 9-da “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının və Aran Regional İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan bələdiyyələri 10 ildən sonra: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
"İqtisadi forum" jurnalının məlumatına görə, konfransı giriş sözü ilə açan “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov bildirib ki, Alyans yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını özündə birləşdirir. Alyans 2009-2012-ci illəri əhatə edən strateji plana malikdir. A. Bayramov Alyansın əsas missiyasının Azərbaycanda bələdiyyələrin real yerli özünüidarə institutu kimi inkişafı istiqamətində səyləri birləşdirməklə əksmərkəzləşmənin və demokratik proseslərin surətlənməsinə təkan vermək olduğunu bildirdi. Sonra konfransa maliyyə dəstəyi verən Böyük Britaniyanın Oksfam təşkilatının təmsilçisi Elşad Mikayılov çıxış etdi. Oksfamın təmsilçisi Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində həyata keçirdikləri fəaliyyətdən danışaraq bələdiyyələrin gücləndirilməsinə xüsusi diqqət ayırdıqlarını bildirdi. E. Mikayılov Oksfamın ayrı-ayrı QHT-lərlə yanaşı QHT Alyansları ilə əməkdaşlığa da xüsusi önəm verdiklərini vurğuladı.
Oksfam təmsilçisinin çıxışından sonra “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov Alyansın hazırladığı Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy haqqında məlumat verdi. O, bildirdi ki, Alyans hər il öz rəyini yeniləməyi planlaşdırır. A. Bayramov ilk növbədə sənədin strukturu haqqında danışaraq rəyin aşağıdakı bölmələrdən ibarət olduğunu bildirib: yerli idarəetmənin sistemi: yerli icra hakimiyyətləri və bələdiyyələrin statusu; bələdiyyələrin ölçüləri: mcburi ”könüllü birləşmə”; bələdiyyələrin maliyyə resursları; bələdiyyələrin əmlakı; Bakının statusu; bələdiyyələrin kadr potensialı; bələdiyyə orqanlarinin təşkili və onlar arasinda səlahiyyət bölgüsü; bələdiyyə birlikləri; bələdiyyələrin hesabatliliği və bələdiyyə orqanlarinin fəaliyyətinə nəzarət; bələdiyyə seçkiləri; Nəticə və tövsiyələr. Koordinator Azərbaycanda yerli özünüidarə sahəsində mövcud problemlərin və həmin problemlərin həllinə yönəlik tövsiyələrin də sənəddə öz əksini tapdığını bildirdi.
Sonra İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev “Azərbaycan bələdiyyələrinin statusu: mövcud reallıqdan gələcəyə doğru” mövzusunda təqdimat verdi. R. Ağayev mövzu ilə bağlı aşağıdakıları qeyd etdi: “Nə konstitusiyada, nə də bələdiyyə qanunveirciliyində yerli özünüidarənin statusu və ölkənin ümumi idarəetmə sistemində bu qurumların yeri səhih şəkildə aydınlaşdırılmayıb (qeyri-müəyyənlik problemi). Qanunvericilikdə «yerli idarəetmə», «yerli idarəetmənin əhatə dairəsi», «yerli idarəetmənin subyektləri» kimi hüquqi normalar əks etdirilməib. De-fakto bələdiyyələr və yerli icrahakimiyyəti orqanları yerli idarəetmənin müxtəlif xarakterə və statusa malik iki fərqli subyektidir. Amma de-yure onlardan 1-cinin hakimiyyət statusu yoxdur, 2-ci isə fəaliyyət göstərdiyi ərazi çərçivəsində yerli idarəetmə ilə bağlı bütün həlledici qərarları qəbul edən, hər cür rıçaqlara malik real hakimiyyət subyektidir. Dövlət idarəetmə sisteminə aid edilməsindən asılı olmayaraq bələdiyyələr ictimai idarəetmənin bir elementidir və inkişaf etmiş ölkələrdə onlar yerli idarəetmənin həlledici subyekti kimi hakimiyyət statusu daşıyırlar. Azərbaycanda yerli özünüidarə inzibati-ərazilər üzrə deyil, tamamilə qeyri-müəyyən və xaotik meyarlar üzrə təşkil olunub. Bələdiyyələrin kostitusion statusu aydınlaşdırılmalı, bu qurumların ümumi idarəetmə sistemində dəqiq yeri və rolu müəyyənləşdirilməli, onların yerli hakimiyyət statusu təsbit olunmalıdır. Avropa Xartiyasının tələblərinə uyğun olaraq subsidiarlıq prinsipinin qanunvericilikdə effektiv və tam həcmdə tətbiqi təmin olunmalıdır. Müstəsnalıqla bağlı problemlərin aradan qaldırılması üçün dövlət hakimiyyət orqanları ilə bələdyiyələr arasında dəqiq səlahiyyət bölgüsünü özündə əks etdirən qanunvericilik aktları hazırlanmalıdır. Qanunvericilikdə «yerli əhəmiyyətli məsələlər» anlayışının dəqiq hüquqi çərçivələri müəyyən olunmalıdır.
“Yerli özünüidarə orqanlarının maliyyə resursları” mövzusunda çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev qeyd etdi ki, gözlənildiyinin əksinə olaraq son illər atılan addımlar bələdiyyələrin maliyyə imkanlarının məhdudlaşdırılmasına yönəlib. Bunun nəticəsidir ki, 2009-cu ildə bütün ölkə üzrə bələdiyyələrin illik gəlirlərinin adambaşına düşən həcmi 3 manat olub. Bələdiyyələr onlar üçün nəzərdə tutulmuş gəlir mənbələrindən tam istifadə edə bilmirlər. Çünki həmin mənbələrin bir çoxu bələdiyyələrin böyük əksəriyyətində yoxdur və vergitutma mexanizmləri təkmil deyil. Bələdiyyələrə dövlət tərəfindən verilən transfertlərin həcmi cüzidir. 2009-cu ilin dövlət büdcəsində bütün ölkə üzrə bələdiyyələrə cəmi 3,4 milyon manat əvəzsiz maliyyə yardımı ayrılıb. İndiyə qədər bələdiyyələrə məqsədli transfertlər verilməyib. Bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir. Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir. Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir. Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin eksperti Aydın Aslanov “Avropa Şurasına üzv ölkələrdə yerli özünüidarə ilə bağlı mövcud tendensiyalar” mövzusunda çıxış edərək AŞ-na üzv ölkələrdə mövcud olan müsbət meyllərlə yanaşı mənfi meyllər haqqında da məlumat verdi: “Yerli özünüidarənin hakimiyyət səlahiyyətləri və onun bölgüsündə çətinliklər mövcuddur. Nəzarət mexanizminin təkmilləşməsində nöqsanlar var. Maliyyə və yerli büdcə sahəsində problemlər mövcuddur. Maliyyə resurslarının səlahiyyətlərlə balanslaşdırılmasında boşluqlar var. Bələdiyyələrdə mülkiyyət və onun formalaşdırılması və ya mülkiyyətin qanunla ötürülməsi zəifdir. Bələdiyyə əraziləri üzrə islahatlar, məsləhətləşmələr və bələdiyyələrin seckili nümayəndələrinin statusu ilə əlaqədar qanunlar təkmiləşməlidir”.
“QHT, donor təşkilatlar-bələdiyyə əməkdaşlığı: əldə olunmuş nəticələr və əməkdaşlığın perspektivləri” mövzusunda Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin sədri Rauf Əliyev çıxış etdi. Aranın təcrübəsi haqqında danışan R. Əliyev bir sıra təkliflər də irəli sürdü: “Bələdiyyələr donor təşkilatlarla birbaşa əməkdaşlıq etməkdə çətinlik çəkirlər (buna səbəb həm də belə təşkilatların az olmasıdır). Respublikada bir çox bələdiyyələr birləşdirildikdən sonra onların idarəçilik qabiliyyətlərinin inkişafına ehtiyac var. Bələdiyyə ərazilərində (əsasən də kənd bələdiyyələrində) yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməlidir.Bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın inkişafı və təkmilləşdirilməsinə dəstək verilməlidir.
Azərbaycan Respublikası sosial iqtisadi inkişaf üzrə dövlət proqramlarında bələdiyyələrin iştirak və fəaliyyətlərinə dəstək öz əksini tapmalıdır.
Təqdim olunan mövzular ətrafında müzakirələr zamanı Milli Məclisin, Vergilər Nazirliyinin nümayəndələri, bələdiyyələrin təmsilçiləri və müstəqil ekspertlər öz fikirlərini bildirdilər.