Çin və Rusiya satır, Yaponiya və Britaniya isə alır
Fevral ayında ABŞ-a təmiz kapital axını 9 milyard dollar təşkil edib. Çin və Rusiya Amerikanın qiymətli kağızlarından imtina etdiyi bir vaxtda Britaniya və Yaponiya onları almaqda davam edir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama verib.
Briyaniya həmişə olduğu kimi bu dəfə də Amerika qiymətli kağızlarına investisiya qoymaqda davam edib. Bu kağızlarda ölkənin payı 25,2 milyard artaraq 231,7 milyard dollara yüksəlib. Britaniya Amerikanın xarici borcuna yatırdığı investisiyanın həcminə görə üçüncüdür. İkinci yerdə olan Yaponiya investisiyanı 3,1 milyard artırıb və 768,5 milyard dollara çatdırıb.
ABŞ-ın ən böyük kreditoru olan Çin növbəti dəfə payını azaldıb. Səmavi ölkə bu dəfə 11,5 milyard dollarlıq istiqrazdan qurtulub və payını 877,5 milyard dollara endirib.
Nazirliyin məlumatına görə, Rusiya qiymətli kağızlarının 4 milyard dollarlıq hissəsini sataraq payını 120,2 milyard dollara salıb. Tayvan isə əlavə istoqrazlar almaqla payını 121,4 milyard dollara çatdırıb. Tayvan 8-ci, Rusiya 9-cu böyük kreditor olub.