İTYİB ekspertləri: Artım Neft Fondu hesabına baş verib
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi 7,4% artaraq $6 milyard 203,65 milyona yüksəlib.
Fevralda Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının həcmi $5 milyard 775,3 milyon təşkil edib. Mart ayında ehtiyat $428,35 milyon artıb. 2010-cu ilin ilk üç ayı ərzində beynəlxalq ehtiyatlar $535,6 milyon artıb. İlin əvvəlinə ehtiyatın həcmi $5 milyard 668,1 milyon olub.
2009-cu ilin mart ayı ilə müqayisədə ehtiyatlar 17,2% və ya $911,45 milyon artıb. Ötən ilin martında bu göstərici $5 milyard 292,2 milyona bərabər olub.
Martda beynəlxalq ehtiyatın $5 milyard 912,49 milyonunu xarici valyutada yerləşdirilən aktivlər təşkil edib. Bu aktivlər fevralla müqayisədə 7,9% və ya $430,1 milyon artıb.
Ölkənin BVF-dəki ehtiyat mövqeyi $0,1 milyondan $0,2 milyona yüksəlib. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi isə $292,82 milyondan $290,96 milyona düşüb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri hesab edir ki, beynəlxalq ehtiyatın bir ayda 7,4% artımı əsasən Mərkəzi Bank tərəfindən Dövlət Neft Fondunun 400 milyon dollardan çox məbləğdə aktivlərinin əldə etməsi səbəbindən baş verib.
Xatırladaq ki, ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur.
Məlumat üçün bildirək ki, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti daxil deyil.