Standard & Poor’s: Bankda kredit riski çox yüksəkdir
Standard & Poor's reytinq agentliyi Muğanbank ASC-yə uzunmüddətli “CCC+” və qısamüddətli “C” reytinqi verib. Agentlik ümumilikdə bankın proqnozunu “sabit” qiymətləndirib. Bu barədə “İqtisadi forum” jurnalı Standard & Poor's agentliyinə istinadən xəbər verir.
Agentliyin kredit analitiki Viktor Nikolskiy bildirib ki, “Muğanbank”ın reytinqi Azərbaycan Respublikasının (BB+/Müsbət/B) yüksək iqtisadi və sahə riskini əks etdirir. Onun sözlərinə görə, reytinqdə eyni zamanda bankın böyük olmayan ölçüsü və məhdud müştəri bazası, borc götürənlərin aşağı kredit keyfiyyəti, xüsusən də bankın kredit portfelinin sürətlə artması nəticəsində onun zaman baxımından keyfiyyət xüsusiyyətlərinin müəyyənləşdirə bilməməsi, ehtiyatların həcminin aşağı səviyyəsi və gəlirliliyin aşağı göstəriciləri nəzərdə tutulur.
Müsbət reytinq amillərini bankın mülkiyyətinin sabit strukturu və bankın dövlət fondlarından və Mərkəzi Bankdan vəsait alması üstünlüyünü əhatə edir.
“Muğanbank” aktivlərinin həcminə görə (31 dekabr 2009-cu il tarixinə) Azərbaycan bankları arasında 17-ci yerdədir. Aktivlərinin həcmi 148,4 milyon manat və ya 185 milyon dollardır. S&P-yə görə, bankın əsas müştəri bazasını kiçik və orta müəssisələr (KOM), o cümlədən ticarət, tikinti, kənd təsərrüfatı və istehsalat fəaliyyəti ilə məşğul olan özəl sahibkarlar təşkil edir.
Agentlik hesab edir ki, bank yüksək kredit riskinə məruz qalır. Bu da müştərilərinin (əsasən KOM-lar) aşağı kredit keyfiyyəti və son illər kredit portfelinin çox sürətlə artımı ilə bağlıdır. 31 dekabr 2009-cu il tarixinə “problemli kreditlər/məcmu ssuda borcu” göstəricisi 1,4%, “restrukturizasiya olunmuş kreditlər/məcmu ssuda borcu” göstəricisi 7,3% təşkil edib.
“Biz hesab edirik ki, “Muğanbank”ın reytinqinin artırılması imkanları müşahidə olunan gələcəkdə yüksək deyil. Bununla yanaşı, əgər bank onun biznes-modelinin lazımlı və sabit gəlirliliyi təmin etmək iqtidarında olduğunu nümayiş etdirə bilərsə və əgər aktivlərin keyfiyyəti ilə bağlı narahatçılığımız azalarsa, biz müsbət reytinq fəaliyyəti imkanlarına baxacağıq”, – deyə Nikolskiy qeyd edib.