2010-cu ilin I rübündə Qırğızıstan iqtisadi artım tempinə görə MDB ölkələri arasında lider olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi açıqlama verib.
Komitənin məlumatına görə, cari ilin yanvar-mart aylarında Qırğızıstanda iqtisadi artım səviyyəsi 16,4% olub ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir. Bu artım qızıl-mədən müəssisəsi olan “Kumtor” şirkətinin tam gücünü bərpa etməsi ilə əlaqələndirilir.
İkinci ən yüksək artım Özbəkistanda qeydə alınıb. İlin 3 ayı ərzində bu ölkədə iqtisadi artım 7,6% təşkil edib. Hesabat dövründə Tacikistanda ÜDM-in artımı 6,8%, Qazaxıstanda 6,6%, Ermənistanda 5,5%, Azərbaycanda isə 5,4% olub. Rusiyada uyğun göstərici 4,5%, Belorusda 4% qeydə alınıb. Moldova, Türkmənistan və Ukrayna barədə məlumatlar yoxdur.