ABŞ prezidenti Barak Obama bildirib ki, səhiyyə sistemində islahatların aparılması sığorta sistemində stabilliyi təmin edəcək və sığorta ödənişlərində boşluqlardan qaçmağa insanlara kömək edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, sentyabrın 12-də bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama verib.
Nazirliyin açıqladığı məruzədə göstərilir ki, yaşı 65-dən yuxarı olan amerikalıların yarısı yaxın 10 ildə tibbi xidmətlərə görə sığorta ödənişi ala bilməyəcəklər. Ölkə vətəndaşların 30%-inin sığorta ödənişlərində ən azı bir il müddətinə fasilələr yaranacaq.
“ABŞ-da heç kim narahat olmasın ki, bircə il, ay və gün də olsa tibbi sığortasız qalacaq”, - prezident Obama həftəlik radio müraciətində bildirib. – “Mən səhiyyə sistemində islahatların aparılması üzrə planı imzalayan kimi belə hallar baş verməyəcək”.
Obama 900 milyard dollar məbləğində qiymətləndirilən və reallaşdırılması 10 müddətində nəzərdə tutulan planın qəbulu üçün həm respublikaçıları, həm də demokratları inandırmağa çalışır. Ötən həftə prezident Konqresin hər iki Palatasının birgə yığıncağını keçirib və islahata dəstək almaq üçün Minnesotaya səfər edib.
Hesablamalara görə, hər bir orta amerikalı üçün sığorta haqqı təxminən 3000 dollar olacaq. Tədqiqatlar göstərir ki, hazırda hər 6 amerikalının 1-də sığorta polisi yoxdur. Bəzi ekspertlər planın reallaşması üçün böyük həcmdə vəsaitin ayrılmasını ölkədə inflyasiya yaradacağından və büdcə kəsrini artıracağından narahatdırlar. Ancaq Obama narahatlığa heç bir əsas görmür. O əmin edib ki, büdcə kəsrini hətta 10 sent artıran planı imzalamayacaq. “Mənim Ağ Evə ayağımı qoymamış 1 trilyon dollarlıq büdcə kəsiri ilə üzləşməyimin səbəblərindən biri də İraq müharibəsindən tutmuş vergi islahatlarına qədər bir çox təşəbbüslərin maliyyələşməsinin əsaslandırılmaması ilə bağlıdır. Mən səhiyyə islahatlarında belə səhvləri təkrar etməyəcəm”, - deyə əlavə edib.