Yunanıstan böhranının dərinləşməsi və digər ölkələrə yayılması təhlüksə avronu daim təyziq altında saxlayır. Dünya birjalarında dünən avronun dollara nisbətən kursu son bir ildə minimum həddə düşüb. Avro 1,29 dollara qədər ucuzlaşıb ki, bu da 2009-cu ilin aprelindən ən aşağı həddir. Ekspertlər bunun son hədd olmadığı qənaətindədirlər.
İqtisadi Təşəbbüslərə Yardım İctima Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, Yunanıstanın borc probleminin həllini tapmaması hələ də Avropa valyutasına mənfi təsir göstərir. Onun sözlərinə görə, Avropa Birliyi və BVF-nin bu ölkəyə 110 milyard avro məbləğində yardım ayırması qərarı da avronu xilas edə bilmir. “Burada əsas problem ondan ibarətdir ki, hazırda Yunanıstan böhranının digər ölkələrə yayılması təhlüksə var. Bu isə investorlarda narahatlıq yaradır. Xüsusilə də İspaniya ilə bağlı yayılmış xəbər avroya daha böyük zərbə vurub. Srağagün dünya mətbuatında İspaniyanın 280 milyard avro məbləğində yardım almaq üçün BVF-yə müraciət etməsi xəbəri yayıldı. Bu xəbər nəticəsində avro dollara nisbətən son 1 ildə ən aşağı həddə qədər ucuzlaşdırdı. İspaniya avroməkanda 4-cü ən böyük iqtisadiyyata malik ölkədir. Böhranın İspaniyaya yayılması son nəticədə avrozonanın dağılması ilə sonuclana bilər. Artıq İspaniyada böhranın əlamətləri müşahidə edilir. 2009-cu ildə büdcə kəsiri yüksək olan ölkələrdən biri olub. İşsizlik 20%-ə çatıb. Ona görə də hesab olunur ki, Yunanıstan avrozona üçün problem yaradıb, İspaniya isə onu dağıda bilər”
S.Əliyev avronun ucuzlaşmasının davam edəcəyini də proqnozlaşdırır: “Yunanıstanda artıq cəmiyyət tərəfindən hökumətin antiböhran tədbirlərinə müqavimət var. Tətillər ölkəni bürüyüb. Bu vəziyyət hökumətin beynəlxalq təşkilatlar tərəfindən götürdüyü öhdəliyi tam yerinə yetirməsini şübhə altına alır. Çünki hökumət büdcə kəsirini 30 milyard avro ixtisar etməklə 2014-cü ilə kimi ÜDM-in 3%-i həddinə endirmək niyyətindədir. Bunun üçün vergilərin qaldırılması, pensiya və maaşların ixtisarı nəzərdə tutulub. Yunanıstan həmkarları isə bununla razılaşmır. Üstəgəl İrlandiya, İspaniya, Portuqaliyada müşahidə edilən potensial böhran avronu uzun müddət təyziq altında saxlayacaq. Ola bilsin ki, müəyyən zaman kəsiklərində Avropa Birliyinin tədbirləri nəticəsində avronun kursunda artım baş versin. Amma bu şox çəkməyəcək. Ümumilikdə avro daha da dəyərsizləşəcək”
Dünya birjalarında avronun ucuzlaşması təsirini Azərbaycanda göstərib. aprel ayında Mərkəzi Bankın rəsmi kursuna görə hazırda avro 1,0412 manata bərabərdir. 2010-cu ilin 4 ayı ərzində manat avroya nisbətən 10% bahalaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1575 manatdan mayın 5-nə 1,0412 manata kimi ucuzlaşıb. Bu o deməkdir ki, yanvar-may ayları ərzində hər 100 avro dəyərini 11,6 manat itirib. Avron Azərbaycanda son 1 ildə ən aşağı həddə qədər ucuzlaşıb. Ekspertə görə, milli valyutanın məzənnəsi dollar əsasında müəyyən edildiyindən avronun dollara nisbətən ucuzlaşması manatın kursunda da özünü göstərir.
S.Əliyev hesab edir ki, avronun ucuzlaşması Azərbaycandakı qiymətlərə ciddi təsir göstərməyəcək. “Azərbaycanın xarici iqtisadi ticarətində avronun payı 15%-i ötmür. Bu baxımdan idxal malarının ucuzlaşmasından söhbət gedə bilməz. Müəyyən ucuzlaşma qeyri-ərzaq mallarında, xüsusən də Almaniya və Fransadan gətirilən avtomobillərin qiymətində müşahidə edilə bilər. Amma bu çox cüzi ola bilər”