Alman brendi BMW 2010-cu ildə dünyanın ən bahalı avtomobil brendi olub. “İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın "Millward Brown Optimor" tədqiqat şirkəti dünyanın ən bahalı brendlərinin "BrandZ Top 100" reytinqini dərc edib.
Alman avtomobil brendinin dəyəri $21,8 milyard qiymətləndirilir. BMW 2009-cu illə müqayisədə dəyərini 9% itirib.
Reytinqdə ikinci pilləni Yaponiyanın “Toyota” şirkəti tutur. Brend dəyərini 27% itirib və $21,77 milyarda düşüb. "Millward Brown" ekspertləri yapon brendinin itkisini şirkətin iri həcmdə avtomobilləri geri çağırması ilə əlaqələndirib.
İlk üçlüyü “Toyota”nın yerlisi “Honda” tamamlayır. Yapon şirkətinin dəyəri son bir ildə 2% ucuzlaşıb və $14,3 milyard təşkil edib.
Ötən illə müqayisədə "Ford" (+19%), "Volkswagen" (+20%) və "Audi" (+2%) brendlərinin dəyəri artıb.
Ümumilikdə, 2010-cu ildə dünyanın 10 ən bahalı avtomobil brendinin 7-sinin dəyəri ucuzlaşıb. Ən çox ucuzlaşma "Porsche" (-31%), "Toyota" (-27%), "Nissan" (-16%) və "Mercedes"də (-11%) qeydə alınıb.
Reytinqdə növbəti yerləri "Mercedes", "Porsche", "Nissan", “Ford”, “VW”, “Audi” tutub. Top-10-u Fransanın “Renault” şirkəti qapayır. 10 ən bahalı brendlər siyahısında təmsil olunan şirkətlərin 5-i alman, 3-ü yapon, 1-i amerika, 1-i isə fransız şirkətinə mənsubdur.
Sürətlə inkişaf edən Cənubi Koreya şirkətləri "Hyundai" və "Kia" brendləri ilk onluğa düşə bilməsələr də, "Millward Brown" ekspertləri hesab edirlər ki, qiymət siyasəti nəticəsində tezliklə buna nail ola bilərlər.