Mart ayında Neft Fondunun aldığı vəsaitlər hesabına öz valyuta ehtiyatının azalmasının qarşısını alan Mərkəzi Bank yenə də eyni problemlə üzləşib. Bankın ehtiyatı aprel ayında 0,2% azalaraq 5 milyard 501 milyon 700 min ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 8,3 milyon dollar azalıb.
Mərkəzi Bank tərəfindən Dövlət Neft Fondunun 400 milyon dollardan çox məbləğdə aktivlərinin əldə etməsi səbəbindən mart ayında onun ehtiyatı xeyli artmışdı.
2010-cu ilin 4 ayı ərzində Mərkəzi Bank ehtiyatını 6,3% və ya 326,1 milyon dollar çoxaldıb və 5 milyard 501,7 milyon ABŞ dollarına çatdırıb. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə martda valyuta ehtiyatı 12,1% və ya 595,1 milyon dollar artıb. Ötən ilin aprelində bu göstərici 4 milyard 906 milyon 600 min dollara bərabər olub.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub.