Analıq İndeksinə görə, Azərbaycan 160 ölkə arasında 96-cı yerdədir
Hər bir ölkənin perspektivi bir çox amillərdən - biznes şəraiti, yaxşı idarəetmə, yüksək texnologiyalar və s. asılıdır. Bəlkə də bu amillər içərisində ən vacibi ana və uşaqların yaşadıqları ölkədə özlərinin nə dərəcədə rahat hiss etmələridir. Amerikanın Save the Children qeyri-hökumət təşkilatının açıqladığı yeni reytinq bu suala cavab tapmağa imkan verir.
“İqtisadi forum” jurnalının məlumatına görə, “Save the Children” təşkilatı dünya üzrə Analıq İndeksini (Mother`s İndeks 2010) tərtib edib. 160 ölkənin təmsil olunduğu reytinq cədvəlində ana və uşaq üçün yaşayış rahatlığı müəyyən olunub.
Reytinqə görə, ana olmaq istəyən Norveç, Avstraliya, İslandiya və İsveç vətəndaşları özlərini xoşbəxt saya bilərlər. Çünki onların ölkəsi Analıq İndeksi üzrə ən yaxşı göstəriciyə malikdirlər. Danimarka, Yeni Zelandiya, Finlandiya, Niderland, Belçika, Almaniya və İrlandiya ilk onluğa daxil olan dövlətlərdir. Ancaq Əfqanıstan, Niger və Çad vətəndaşlarının özlərini xoşbəxt saymaları üçün heç bir əsas yoxdur. Bu ölkələr 160 ölkə arasında sonuncu pillələri tutublar.
Cədvəldə təmsil olunan ölkələr şərti olaraq 3 qrupa bölünüb: inkişaf etmiş, az inkişaf etmiş və zəif inkişaf etmiş. Hər qrup ayrıca sıralanıb. İnkişaf etmiş qrupa 43, az inkişaf etmiş qrupa 77 və zəif inkişaf etmiş qrupa isə 40 ölkə daxildir.
Postsovet məkanında 7 ölkə inkişaf etmiş qrupuna daxildir. Baltik ölkələri - Estoniya (17), Litva (22), Latviya (25) həmişəki kimi öncüllərdəndir. Estoniya Qadın İndeksi üzrə (Women`s Indeks) 19-cu, Uşaq İndeksi üzrə (Children`s İndeks) 13-cü olub. Litvanın bu indekslər üzrə tutduğu yer uyğun olaraq 21 və 27, Latviyada isə 19 və 33 olub.
Belarus Analıq İndeksi üzrə 33-cü, Rusiya 38-ci, Ukrayna 39-cu, Moldova 40-cı yeri tutub.
Hesabata görə, Azərbaycan da daxil olmaqla 7 postsovet ölkəsi az inkişaf etmiş ölkələr qrupuna daxil edilib. Qazaxıstan, Özbəkistan, Qırğızıstan uyğun olaraq 8-ci, 23-cü və 25-ci yeri tutub.
Azərbaycan yenə də Cənubu Qafqazda sonuncu yerləri tutur. Ermənistan 35-ci, Gürcüstan 43-cü, Azərbaycan isə qrupda 53-cü yeri tutub. Azərbaycan postsovet ölkələri arasında yalnız 55-ci pillədə olan Tacikistanı qabaqlayır.
Ölkəmiz Qadın İndeksi üzrə 51-ci, Uşaq İndeksi üzrə isə 54-cü pillədə olub.
Qadın İndeksi ömür davamlılığı, təhsil səviyyəsi, gender əlaməti üzrə orta aylıq əmək haqlarının nisbəti, məzuniyyətin davamlılığı və uşaq doğuşu zamanı müavinətin ölçüsü kimi meyarlar əsasında tərtib edilib. Bundan başqa qadınların hakimiyyət orqanlarında iştirakı, aşağı və orta inkişaf etmiş ölkələrdə peşəkar tibbi heyət tərəfindən qəbul edilmiş doğuşların payı kimi meyarlar da daxildir.
Uşaq İndeksi 5 yaşdan kişik uşaqlar arasında ölümün səviyyəsi, məktəbəqədər və məktəb təhsili ilə əhatə səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Reytinqə həmçinin az və zəif inkişaf etmiş qruplara daxil olan ölkələrin mövqeyinə keyfiyyətli içməli sudan istifadə edən əhalinin payı və çəki azlığından əziyyət çəkən uşaqların sayı kimi meyarlar da təsir edir.
Analıq İndeksi hökumətlərin, tədqiqat institutlrınnı və beynəlxalq agentliklərin məlumatları əsasında hazırlanıb. Bu indeks qadın və uşaq indeksləri əsasında tərtib edilib.
Hesabatda qeyd edilir ki, dünyada hər il 50 milyon nəfərə qədər qadın həkim köməyi olmadan uşaq doğur. Aşağı həyat səviyyəsi səbəbindən 350 min qadın hamiləlik dövründə bə ya doğuş zamanı dünyasını dəyişir.
Tədqiqata görə, aclıqdan hər il 8,8 milyon uşaq 5 yaşına çatmamış ölür. Hesablamalara görə, əgər tibbi yardım olunsaydı nəzəri cəhətdən 250 min qadın və 5,5 min uşağı xılas etmək olardı.