Valyuta ehtiyatları Rusiya, Ukrayna və Qazaxıstanda artıb
Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi həftə ərzində $6 milyard artaraq aprelin 30-u tarixinə $460,7 milyarda qalxıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə əvvəl ehtiyatın həcmi $454,7 milyarda bərabər olub.
İlin əvvəlində ölkənin ehtiyatlarının həcmi $439,034 milyard təşkil edib. İlin 4 ayı ərzində bu göstərici $21,67 milyard atıb. Təkcə aprel ayında artım $13,7 milyard təşkil edib.
Məlumat üçün bildirək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya Hökumətinin sərəncamında yerləşdirilən yüksək likvidli maliyyə aktivlərini əks etdirir. Ehtiyatlar xarici valyutalar, qızıl, SDR və digər ehtiyat aktivlərindən ibarətdir.
Xatırladaq ki, Rusiya valyuta ehtiyatının həcminə görə Çin və Yaponiyadan sonra üçüncü yeri tutur. Çinin hazırda valyuta ehtiyatı $2,5 trilyon qiymətləndirilir. Yaponiyanın ehtiyatı Çindən demək olar ki, 2 dəfə azdır.
Ukrayna Mərkəzi Bankının ehtiyatı apreldə 4,8% və ya $1,2 milyard artıb. Aprelin 30-i tarixinə ehtiyatın həcmi $26,35 milyarda bərabər olub. Mart ayında bu göstərici $25,147 milyard təşkil edib.
Ehtiyatın xarici valyutada olan aktivləri $25,27 milyard, BVF-də ehtiyat mövqeyi $0,03 milyon, SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi $65,43 milyon təşkil edir. Qızıl həcmi $1,02 milyarda yaxındır.
İlin əvvəlindən ehtiyatlar 0,6% və ya $153,18 milyon azalıb. İlin əvvəlinə ehtiyatın həcmi $26,505 milyard təşkil edib.
Qazaxıstan Milli Bankının ehtiyatları ötən ay 8,4% artaraq $28,8 milyarda yüksəlib. İl ərzində ölkənin ehtiyatı 27,2% artıb.
Bankın təmiz valyuta ehtiyatı apreldə 8,6% artıb. Qızıl aktivlərinin həcmi isə dünya bazarında qiymətli metalın bahalaşması səbəbindən 5,9% artıb.