“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi 2,9% artaraq $6 milyard 372,33 milyona yüksəlib.
Martda Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının həcmi $6 milyard 193,65 milyon təşkil edib. Aprel ayında ehtiyat $178,68 milyon artıb. 2010-cu ilin ilk dörd ayı ərzində beynəlxalq ehtiyatlar $704,23 milyon artıb. İlin əvvəlinə ehtiyatın həcmi $5 milyard 668,1 milyon olub.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ehtiyatlar 21,2% və ya $1,114 milyard artıb. Ötən ilin aprelində bu göstərici $5 milyard 258,02 milyona bərabər olub.
Apreldə beynəlxalq ehtiyatın $6 milyard 83,24 milyonunu xarici valyutada yerləşdirilən aktivlər təşkil edib. Bu aktivlər mart ayı ilə müqayisədə 2,9% və ya $170,75 milyon artıb.
Bu müddətdə ölkənin BVF-dəki ehtiyat mövqeyi $0,2 milyondan $0,194 milyona düşüb. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi isə $290,96 milyondan $288,9 milyona düşüb.
Xatırladaq ki, ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur.
Məlumat üçün bildirək ki, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti daxil deyil.