“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 98,7 qəpiyə düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı həddidir. Dünya bazarlarında dolların bahalaşması müşahidə edilsə də, Azərbaycanda Mərkəzi Bank bazara müdaxilə hesabına bunun qarşısı alır.
Mərkəzi Bankın məlumatına görə, mayın 17-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 0,9872 manat müəyyən edilib. Bu, 12 dekabr 2002-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 4929 AZM-ə (0,9858 manat) bərabər olub.
Bu ucuzlaşmadan sonra avro manata nisbətən dəyərsizləşməsi 2010-cu ildə 14,7% ucuzlaşıb. Yanvar-may ayları ərzində avronun kursu 1,1575-dən 0,9872 manata düşüb. Bu isə o deməkdir ki, hər 100 avro bu müddətdə dəyərini 17 manat itirib.
Dünya birjalarında ABŞ dollarının bahalaşmasına baxmayaraq Azərbaycanda sabit - 0,8036 manat həddində qalıb. Britaniya funtu 2 qəpik ucuzlaşaraq 1,1525-ə düşüb. Yapon iyenası isə bir qədər bahalaşıb. 100 iyena bu müddətdə 1 qəpik bahalaşaraq 0,8738-ə qalxıb.
Avropa Birliyinin mayın 9-da keçirilmiş növbədənkənar yığıncağında 720 milyard avro büdcəyə malik antiböhran fondunun yaradılması qərarı da Avropa valyutasının xilas edə bilməyib. İnvestorlar hələ də bu valyutaya etibar etmirlər. Elə bunun nəticəsidir ki, dünya bazarlarında qızıl yenidən bahalaşma sürəti götürüb.
Almaniya kansleri Angela Merkel avronun çökməsinin Avropa Birliyinin dağılmasına gətirib çıxaracağı, ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Pol Volkerin avrozonanın dağılma ehtimalı ilə bağlı açıqlaması inverstorları dah da qorxudub.
Bu arada bir sıra maliyyə institutları avro ilə bağlı mənfi proqnozlar veriblər. İsveçrənin UBS bankının açıqlamasına görə, avro ilin sonuna kimi dollara nisbətən dəyərini daha 8% itirəcək. Bankın pronozuna görə, avronun dollara məzənnəsi ilin sonuna $1,15-ə, 2011-ci ilin sonuna isə $1,10-a düşəcək. Royal Bank of Scotland-ın valyuta strateqləri hesab edir ki, ilin sonuna avro $1,1650-yə, 2011-ci ilin ortalarında isə $1,14-ə düşə bilər.
Avronun dollara olan məzənnəsi son 4 ildə ən aşağı həddə düşüb.Hazırda dünya bazarlarında avronun dollara məzənnəsi $1,22 səviyyəsinə enib ki, bu da 2006-cı ilin aprelindən əş aşağı həddidir.