Əhali əmanətlərin ümumi depozitlərdə payı 48%-ə düşüb
Son aylar depozit və əmanətlərin ümumi həcmində manatın payının azalma tendensiyası iyul ayında da davam edib. İyulda manatın ümumi depozitlərdə xüsusi çəkisi 31,6% olub. Halbuki iyunda bu göstərici 37,7% təkil edib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, 2009-cu il avqust ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi iyun ayı ilə müqayisədə 21,6% artaraq 4154 milyon manat təşkil edib. Bu artım əsasən xarici valyutaların hesabına baş verib. Belə ki, 737,7 milyon manatlıq artımın cəmisi 3,5%-i manatın payına düşüb. Xarici valyutanın xüsusi çəkisi isə 96,5% olub
Depozitlərin 1313,3 milyonu və ya 31,6%-i manatla, 2840,8 milyonu və ya 68,2%-i isə xarici valyuta ilə yerləşdirilib. Halbuki iyun ayında manatın payı 37,7%, xarici valyutanın payı isə 62,3% olub. İlin əvvəlində isə bütün depozitlərin az qala yarısı - 41,5%-i manatın payına düşüb. Statistik məlumatlar göstərir ki, depozit və əmanətlərin ümumi həcmində manatın payının azalması tendensiyası davam edib.
Avqustun 1-nə ölkə banklarına yerləşdirilən əmanətlərin həcmi 1999,3 milyon, depozitlərin həcmi isə 2154,7 milyon manat olub. Əhali əmanətlərinin həcmi ötən ayla müqayisədə 65 milyon manat artıb. Ancaq əhali əmanətlərin ümumi depozit və əmanətlərdə payı iyul ayındakı 56,6%-dən 48%-ə düşüb.
Əhali əmanətlərində milli valyuta olan manatın payı da azalaraq 35,4%-ə düşüb. Halbuki ötən ay bu göstərici 36%-ə bərabər olub.