Samir Əliyev: “Bunun ehtimalı az olsa da mümkün variantdır”
Dünyada dolların bahalaşması səbəbindən artan təyziq fonunda Mərkəzi Bank dolların “cilovunu” buraxmaq məcburiyyətində qalıb. Bu gün uzun sürən fasilədən sonra ABŞ valyutasının məzənnəsində artım qeydə alınıb. “İqtisadi forum” jurnalının Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda dolları manata nisbətən rəsmi məzənnəsi 0,8037 manata qalxıb. Bu, son 8 ayda ən yüksək göstəricidir.
Mərkəzi Bankın məlumatına görə, mayın 19-da dolların manata nisbətən rəsmi məzənnəsi 0,8037 manat müəyyən edilib. Bu, 8sentyabr2009-cu ildən bəri ən yüksək göstəricidir. Həmin tarixdə 1 dollar indiki səviyyədə - 0,8037 manata bərabər olub. Bu ucuzlaşmadan sonra dolların manata nisbətən dəyərsizləşməsi 2010-cu ildə 0,1% təşkil edib.
Son ayların diqqət mərkəzində olan avronun dünya bazarlarında dollara olan məzənnəsi son 4 ildə ən aşağı həddə düşüb.Hazırda dünya bazarlarında avronun dollara məzənnəsi $1,21 səviyyəsinə enib ki, bu da 2006-cı ilin aprelindən əş aşağı həddidir. Ucuzlaşma Azərbaycanda da özünü göstərib. Mayın 19-u tarixinə avronun rəsmi məzənnəsi 96,7 qəpik müəyyən edilib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, dünyada dolların bahalaşmasına baxmayaraq Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi nəticəsində Azərbaycanda onun məzənnəsi sabit qalıb. “Mərkəzi Bank milli valyutanın məzənnəsinin tənzimləmək üçün bazara dövrü olaraq müdaxilələr edir. Bazara çıxartdığı dolların həcmindən asılı olaraq manatın ucuzlaşmasının və ya bahalaşmasının qarşısını artırır. Bütün bunların mənbəyi bankın valyuta ehtiyatıdır. Elə bu səbəbdən 2009-cu ilin sonlarından başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Yeganə olaraq artım martda qeydə alınıb ki, bunun da səbəbi Dövlət Neft Fondunun 400 milyon dollardan çox məbləğdə aktivlərinin əldə edilməsi ilə bağlıdır. Ötən ay Bankın valyuta ehtiyatı 0,2% azalıb. Bütün bu azalmalar dolların məzənnəsinin sabit saxlanması ilə əlaqədardır” – deyə ekspert bildirib.
“Azərbaycanda dollar bahalaşa bilərmi?” sualına cavabında ekspert bunu mümkün variant kimi qiymətləndirib. “Azərbaycan dollardan asılı ölkədir. Mərkəzi Bankın müdaxilə olmasaydı indi biz dünya bazarında dolların rəqslərinin “qurbanına” çevrilərdik. 2009-cu ilin əvvəlində əksər ölkələr, o cümlədən qonşu dövlətlər milli valyutalarını ucuzlaşdıranda Mərkəzi Bank bu addımı atmadı. Əslində bu çox riskli addım idi. Neftin qiyməti uzun müddət 30 dollar civarında qalsaydı Mərkəzi Bankın dolları saxlamağa ehtiyatı qalmazdı və dollar birdən-birə kəskin bahalaşa bilərdi. Bu isə bumeranq effekti verməklə yanaşı, ölkə iqtisadiyyatını arzuolunmaz vəziyyətə salardı. Ancaq bu baş vermədi və Mərkəzi Bankın addımı özünü doğrultdu. Həmin ərəfədə Bank valyuta ehtiyatının 20%-ə qədərini itirdi. İndi ona oxşar vəziyyət yaranıb. Avronun kəskin ucuzlaşması nəticəsində dollara tələbat artır və bu valyuta bahalaşır. Ancaq Azərbaycanda bu müşahidə edilmir. Xüsusən də seçki ili olduğundan Mərkəzi Bankın dolların bahalaşmasında maraqlı olmayacaq. Çünki idxaldan asılı və idxalında ABŞ valyutası üstünlük təşkil edən ölkə üçün dolların bahalaşması qiymətlərin artması və inflyasiyasının yüksəlməsi ilə nəticələnə bilər. Buna görə də Mərkəzi Bank hələki gözləmə mövqeyi tutacaq. Ancaq dolların daha da bahalaşması fonunda - qeyd edim ki, yayın ortalarına qədər bunun ehtimalı yüksəkdir - mümkün variantlardan biri odur ki, Mərkəzi Bank dolların məzənnə dəhlizini genişləndirsin və onun 5%-ə qədər bahalaşmasına imkan versin. Yəni Azərbaycanda dolların 85 qəpiyə kimi bahalaşması mümkündür.” deyən ekspertin fikrincə, bu addım daha çox dünya bazarındakı vəziyyətdən asılı olacaq.