Mərkəzi Bank: Milli valyutanın məzənnəsi avro və dollardan ibarət valyuta səbəti vasitəsilə tənzimlənir
Dünyanın maliyyə bazarlarında dollar və avro arasında baş verən nüfuz davası Azərbaycanda da müşahidə edilir. Avronun digər valyutalara, xüsusən də dollara nisbətən ucuzlaşması manata münasibətdə də özünü göstərir. Məsələn, 2010-cu ildə avro milli valyutaya nisbətən 16% ucuzlaşıb. Bunun əsas səbəbi manatın məzənnəsinin müəyyən edilməsində dollar amilinin həlledici olmasıdır.
Son zamanlar dövrü mətbuatda manatla dollar arasında birbaşa bağlılıq ətrafında müxtəlif müzakirələr aparılır. “İqtisadi forum” jurnalı məzənnə siyasətində avronun məzənnəsinin nə dərəcədə nəzərə alınması ilə bağlı Mərkəzi Banka müraciət edib.
Jurnalın “manatın məzənnəsi avro və dollardan təşkil olunmuş valyuta səbəti vasitəsilə, yoxsa yalnız birbaşa dollar əsasında müəyyən edilir?” sualına cavabında Mərkəzi Bankın ekspertləri bildiriblər ki, 11 mart 2008-ci ildən etibarən Azərbaycanda məzənnə siyasətinin tətbiqi mexanizmi dəyişib. Bu dəyişikliyə əsasən manatın ABŞ dollarına nəzərən məzənnəsinin müəyyən olunması siyasətindən valyuta səbətinin dəyəri vasitəsilə müəyyən olunması siyasətinə keçilib.
Bankın məlumatına görə, məzənnə siyasətindəki bu dəyişiklik nəticəsində Mərkəzi Bankın manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən orta dəyişimini xarakterizə edən nominal effektiv məzənnəyə təsir göstərmək imkanları artıb. “Hazırda da manatin kursu avro və dollardan təşkil olunmuş valyuta səbəti vasitəsilə tənzimlənir” – deyə Bankın cavabında qeyd edilir.
Banka görə, hazırda valyuta səbətində dolların payi 90%, avronun payı 10% təşkil edir. Səbətin strukturu kompleks makroiqtisadi və qlobal amillərdən asılı olaraq müəyyən edilir.
Bankın açıqlamasında göstərilir ki, Azərbaycanın valyuta bazarında xarici valyuta qıtlığı yoxdur: “2010-cu ildə daxili valyuta bazarında xarici valyutanın təklifi tələbi üstələdiyindən Mərkəzi Bank valyuta bazarında nəinki satışlar aparmamış, həm də valyuta sterilizasiyası əməliyyatları apararaq özünün valyuta ehtiyatlarını daha da artırıb. 2010-cu ilin ötən dövründə Bankın valyuta bazarında alışları 485,5 milyon dollar olub ki, bunun da 2,2 milyon dolları may ayının payına düşüb” |