Aprel ayında ölkə banklarının zərəri artaraq 21,8 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 2009-cu ilin aprelində zərərin həcmi 7,77 milyon manat təşkil edib.
Cari ilin may ayının 1-i vəziyyətinə ölkə banklarının əldə etdikləri mənfəətin həcmi 76,81 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 34% çoxdur. Apreldə bankların ümumilikdə mənfəəti təxminən 19,4 milyon manat artıb. Mənfəətlə işləyən bankların sayı 33-dən 34-ə yüksəlib. Bu artım yeni bankın fəaliyyətə başlaması ilə bağlıdır.
Ötən ay bankların zərərində də xeyli artım müşahidə edilib. Bu müddətdə bankların zərəri mart ayı ilə müqayisədə 2,5 milyon artaraq 21,8 milyon manat təşkil edib. Bir ay öncə zərərin həcmi 19,3 milyon manat olub. Bu 2006-cı ilin avqust ayından bəri ən yüksək göstəricidir. Zərərlə işləyən bankların sayı (13 bank) sabit qalıb.
Mayın 1-i vəziyyətinə bankların yekun mənfəəti 55,01 milyon manata bərabər olub.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 47 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 46-sı özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.