Mərkəzi Bankın valyuta ehtiyatında müşahidə edilən azalma tendensiyası ötən ay da davam edib. Yola saldığımız may ayında Bankın ehtiyatı aprel ayında 2,6% azalaraq 5 milyard 361 milyon ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 140,7 milyon dollar azalıb.
May ayında azalmağa baxmayaraq 2010-cu ilin 5 ayı ərzində Mərkəzi Bank ehtiyatını 3,6% və ya 185,4 milyon dollar çoxaldıb və 5 milyard 361 milyon ABŞ dollarına çatdırıb. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə may ayında valyuta ehtiyatı 6,7% və ya 335 milyon dollar artıb. Ötən ilin mayında bu göstərici 5 milyard 26 milyon dollara bərabər olub.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub.