Ekspertlərin fikrincə, avro ilin sonuna kimi ucuzlaşacaq
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 8 ildə ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın məlumatına görə, iyunun 7-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 95,6 qəpik müəyyən edilib. Bu, 26 oktyabr 2002-ci ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 95,3 qəpiyə (4766,98 AZM) bərabər olub.
Cari ildə avro manata nisbətən 17,4% ucuzlaşıb. 2010-cu ilin 6 ayı ərzində avronun kursu 1,1575-dən 0,9561 manata düşüb. Bu isə o deməkdir ki, hər 100 avro 5 ay ərzində dəyərini ən azı 20 manat itirib.
Avropa valyutası ucuzlaşması dünya birjalarında da qeydə alınıb. Avronun məzənnəsi dollara nisbətən 1,19-a düşüb ki, bu da 2006-cı ilin aprelindən ən aşağı göstəricidir. Avro yapon valyutasına nisbətən də ucuzlaşıb. 9 ildə ilk dəfə olaraq avro 108,6 iyenadan aşağı səviyyəyə düşüb.
Avronun ucuzlaşması Yunanıstan böhranın Macarıstana keçmə ehtimalı ilə bağlıdır. Ekspertlərin fikrincə, avronun ucuzlaşması tendensiyası ilin sonuna kimi davam edəcək.
Avrozonaya daxil olan ölkələrin maliyyə nazirlərini özündə birləşdirən Eurogroupun sədri Jan-Klod Yunker açıqlamasında avronun hazırki məzənnəsinin qorxulu olmadığını bildirsə də, onun ucuzlaşma sürətindən narahatlığının gizlətməyib.