Siyasi partiyalarda bələdiyyə institutu ilə bağlı alternativ konsepsiyaya yoxdur
İTYİB partiyalarla bələdiyyələrin statusunu müzakirə etdi
"Siyasi partiyaların əksəriyyətini bələdiyyələrin indiki statusu qane etmir və yerli hakimiyyət kimi tanınmasını təklif edirlər. Eyni zaman partiyalar bələdiyyələrin səlahiyyətlərinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini istəyirlər". "İqtisadi forum" jurnalının məlumatın görə, bu fikirlər İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sentyabrın 15-də siyasi partiyalar üçün təşkil etdiyi dəyirmi masada səslənib.
"Yerli özünüidarənin status və səlahiyyətlərinə siyasi institutların baxışı ətrafında ictimai müzakirələr"mövzusunda keçirilən tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən siyasi partiyalarla Azərbaycanda bələdiyyə institutunun status və səlahiyyətlərini müzakirə etmək və onların baxışlarını öyrənmək idi.
Tədbir Oxfam GB və İCCO təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərivəsində təşkil edilib. Tədbirdə partiya təmsilçiləri və KİV nümayəndələri iştirak edib.
İTYB-nin sədri Azər Mehtiyev dəyirmi masanın keçirilmə məqsədi barədə danışdı və partiyaları yerli özünüidarənin inkişafı ilə bağlı mövqelərini və konseptual yanaşmalarını bildirməyə dəvət etdi. O, qeyd etdi ki, təəssüf ki, partiya təmsilçilərinin çıxışlarında bələdiyyələrin inkişafı ilə bağlı konkret yanaşma müşahidə edilmir: "Azərbaycanda bələdiyyə institutu yaradılarkən onun bünövrəsi səhv qoyulub. Yerli özünüidarəetmənin təməlini təmin etmək iqtidarında deyil və çox ciddi problemlər yaşayır. Hakimiyyət yerli özünüidarəetmənin inkişafında maraqlı deyil, olmayacaq da. Bütün seçki məsələləri məişət səviyyəsinə endirilib. Bu səbəbdən bələdiyyələrlə bağlı məsələnin siyasi müstəviyə qayıtmasına nail olmaq lazımdır. Biz heç bir siyasi partiyada bələdiyyə institutu ilə bağlı alternativ konsepsiyaya rast gəlmədik. Heç bir partiya bələdiyyələrlə bağlı konsepsiya hazırlamaqda maraqlı deyil"
Birliyin eksperti Samir Əliyevölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar arasında aparılan sorğu (əlavə olunur) barədə məlumat verdi. Bildirdi ki, soğunun aparılmasında məqsəd siyasi institutların Azərbaycanda yerli özünüidarənin statusu və səlahiyyətlərinə baxışlarını və bu qurumların bələdiyyə institutunun inkişafı ilə bağlı təkliflərini öyrənmək olub.
Sorğunun nəticəsi göstərir ki, respondentlərin 21,4%-nin fikrincə, bələdiyyə institutu həm yerli hakimiyyət kimi tanınmalı, həm də dövlət idarəetmə sisteminin tərkibinə daxil olmalıdır. Rəyi soruşulanların 43%-i isə bu fikirlə qismən razıdırlar. Çünki onlar bələdiyyə institutunun yerli hakimiyyət kimi tanınması ilə razılaşsalar da dövlət idarəetmə sisteminin tərkibinə daxil olmamasını dəstəkləyirlər. 26,6% istəyir ki, yerli özünüidarə orqanlarının indiki statusu saxlanılmalı və əlavə səlahiyyətlər verilməlidir.
Rəyi soruşulan partiya təmsilçilərinin 57%-i bələdiyyələrin səlahiyyət dairələrinə təhsil xidmətlərinin təşkilini, 55%-i səhiyyə xidmətlərinin təşkilini, 64%-i isə su təczihatı xidmətlərinin təşkilini daxil etmək istərdi. Bundan əlavə 57% respondent vətəndaş vəziyyəti aktlarının qeydiyyatını, 50% isə ictimai təhlükəzsizlik (yanğınsöndürmə, polis və s.) səlahiyyətlərinin bələdiyyələrə verilməsini dəstəkləyir. Partiyaların 36%-nin fikrincə, yol çəkilişi funksiyası da bələdiyyələrə verilməlidir.
S.Əliyevin fikrincə, sorğu nəticəsi göstərdi ki, siyasi partiyaların əksəriyyətini bələdiyyələrin indiki statusu qane etmir və yerli hakimiyyət kimi tanınmasını təklif edirlər. Eyni zaman partiyalar bələdiyyələrin səlahiyyətlərinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini istəyirlər.
İTYB-in sədr müavini Rövşən Ağayev Azərbaycanda yerli özünüidarənin səlahiyyətsizliyi və statusunun qeyri-müəyyənliyi probleminə toxundu (təqdimat). O, bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsinin bir sıra problemlərini diqqətə çatdırdı. Natiq qeyd etdi ki, Avropa Şurasının yerli özünü idarəetmənin inkişafı ilə bağlı nəzərdə tutduğu subsidiarlıq prinsipi tamamilə pozulub. Bu bələdiyyələrin səlahiyyətlərinin məhdudluğunda özünü göstərir. Bələdiyyələrin səlahiyyətləri müstəsna deyil, çoxlu sayda paralellik mövcuddur. Dövlət idarəetməsində yerli idarəetmə sisteminin əhatə dairəsi aydın müəyyən olunmayıb, eyni zamanda yerli özünüidarənin statusu qeyri-müəyyəndir. Bakı, Gəncə kimi iri şəhərlərdə yerli özünüidarənin təşkili təmin olnumayıb. Halbuki Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında mer institutu olmayan yeganə dövlətdir.
AXCP-nin sədr müavini Nurəddin Məmmədli bələdiyyə institunun inkişafının zəruriliyindən danışaraq hərbi, milli təhlükəsizlik, strateji obyektlər və s.. kimi bir sıra səlahiyyətlər istisna olmaqla bütün səlahiyyətlərin bələdiyyələrə verilməsinin zəruri olduğunu bildirdi.
ADP sədr müavini Təliyət Əliyev partiyaların bu vaxta qədər bələdiyyə seçkilərində və bələdiyyə idarəetməsində iştirak etməməsini səhv addım olduğunu bildirdi və indən belə bu sahəyə xüsusi diqqət verməyin vacib olduğunu vurğuladı.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa çıxışında bu gün ölkə siyasətinə nəinki müxaifət, hətta hakim partiyanın da təsir etmək gücünün olmadığını bildirdi. Onun fikrincə, dövlət idarəetməsində partiyaların rolu yoxdur. Bələdiyyə vətəndaş təşəbbüskarlığının ən sadə formasıdır, bunu isə hakimiyyət qəbul etmir. O bələdiyyə institunun inkişafı üçün konstitusiya islahatlarının aparılmasının vacibliyini qeyd etdi.