Əvvəlki aylardakı azalma tendensiyasına rəğmən ötən ay Mərkəzi Bankın valyuta ehtiyatında artım müşahidə edilib. İyun ayında Bankın valyuta ehtiyatı əvvəlki ayla müqayisədə 2% artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 5 milyard 470,7 milyon dollara yüksəlib.
Bankdan verilən məlumata görə, iyun ayında Mərkəzi Bankın ehtiyatı 109,7 milyon dollar artıb. May ayında bu göstərici 5 milyard 361 milyon dollar təşkil edib.
2010-cu ilin birinci yarımilində Mərkəzi Bank ehtiyatlarının həcmini 6% və ya 309 milyon dollar artıra bilib. 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 161 milyon 700 min dollar təşkil edib.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ötən ay valyuta ehtiyatı 7,7% və ya 390 milyon dollar artıb. Ötən ilin iyununda bu göstərici 5 milyard 80,7 milyon dollara bərabər olub.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub.