«Mançester Yunayted» — dünyanın ən bahalı komandasıdır
İngiltərənin «Mançester Yunayted» futbol klubu dünyanın ən bahalı idman komandasıdır. Onun kapitalı 1,8 milyard dollar qiymətləndirilir. Klub “Forbes” jurnalı tərəfindən tərtib olunmuş dünyanın ən bahalı idman komandaları siyahısına başçılıq edir. “İqtisadi forum” jurnalının məlumatına görə, ötən il «Mançester Yunayted» klubunun gəliri 459 milyon dollar təşkil edib.
Reytinq cədvəlinə 9 futbol, 5 beysbol, 32 amerika futbolu və 2 avtomobil idmanı üzrə komandalar daxildir.
Reytinqdə ikinci yeri 1,65 milyard dollarlıq kapitala malik «Dallas Kovboys» komandası tutur. Bu komanda Amerika futbolu üzrə ixtisaslaşıb. “Nyu-York Yankis” beysbol komandası ilə 1,6 milyard dollarlıq kapitalla üçüncüdür.
Futbol komandalarının reytinqi arasında Madridin “Real” komandası ikinci, İngiltərənin “Arsenal” komandası isə üçüncü sıradadır. Bu komandaların kapitallarının həcmi uyğun olaraq $1,32 milyard (ümumi siyahıda 6-cı) və $1,18 milyard (ümumi siyahıda 8-ci) təşkil edir.