Mərkəzi Bankın valyuta ehtiyatı 18 aylıq maksimuma çatıb
Samir Əliyev: “Bu, dolların ucuzlaşması ilə bağlıdır”
Artıq ikinci aydır ki, Mərkəzi Bank valyuta ehtiyatını artırmağa müvəffəq olur. Ötən ay Bank ehtiyatının həcmini 5 milyard 658 milyon 500 min dollara çatdırıb ki, bu da son 18 ayda ən yüksək həddir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 3,4% artıb.
Bankdan verilən məlumata görə, iyul ayında Mərkəzi Bankın ehtiyatı 187,8 milyon dollar artıb. İyun ayında bu göstərici 5 milyard 470 milyon 700 min dollar təşkil edib.
2010-cu ilin birinci yarımilində Mərkəzi Bank ehtiyatlarının həcmini 9,6% və ya 496,8 milyon dollar artıra bilib. 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 161 milyon 700 min dollar təşkil edib.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ötən ay valyuta ehtiyatı 18,2% və ya 871,5 milyon dollar artıb. Ötən ilin iyulunda bu göstərici 4 milyard 787 milyon dollara bərabər olub.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev valyuta ehtiyatının artmasını dünya bazarlarında dolların ucuzlaşmasl ilə bağlayıb. “Avropa banklarının yaxşı stress test nəticələri, İspaniya, Yunanıstan və İrlandiyanın istiqrazlarını uğurlu yerləşdirmələri və ABŞ iqtisadiyyatı ilə bağlı heç də ürəkaçan olmayan xəbərlərin gəlməsi avronun mövqeyini möhkəmləndirib. Avropa valyutası son bir ayda dollara nisbətən 7% bahalaşıb. Dollar isə bir sıra valyutalara nisbətən ucuzlaşıb. Bu öz təsirini Azərbaycana da göstərir. Dollar ucuzlaşdığından ondan asılı olan manata təzyiq də azalıb. Belə vəziyyətdə Mərkəzi Bank manatın kursunu saxlamaq üçün ehtiyatlarından xərclədiyi vəsaitlərə qənaət etmiş olur. Bunun nəticəsidir ki, son iki ayda Bankın valyuta ehtiyatlarında artım müşahidə edilir.” - deyən ekspertə görə, qonşu Rusiya, Ukrayna və Qazaxıstanda da oxşar situasiyadır.