Böyük Britaniyanın «Оksfаm» və Niderlandın İCCO təşkilatlarının birgə maliyyə dəstəyilə həyata keçirilən «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi 2007-2010-cu illəri əhatə edib. Layihənin məqsədi icmanın bələdiyyələrə qarşı inamının yüksəldilməsi, hökumətlə dialoqda bələdiyyələrin mövqeyinin gücləndirilməsi və onların maliyyə imkanlarının artırılması yolu ilə Azərbaycanda bələdiyyələrin yerli özünüidarəetmə orqanları kimi gücləndirilməsindən ibarət olub.
Layihə çərçivəsində qarşıya 2 hədəf qoyulmuşdu: 1. Hökumətlə dialoqda bələdiyyələrin səsinin gücləndirilməsi yolu ilə onlara səlahiyyətlərin verilməsi
2. Bələdiyyələri onların maliyyə imkanlarının artırılmasında dəstəkləmək.
Bu hədəflərə çatmaq üçün layihə çərçivəsində media kampaniyası aparılıb, ictimai müzakirələr təşkil edilib, sorğu və müsahibələr keçirilib, tədqiqat və monitorinqlər aparılıb. Bundan başqa təşkilat tərəfindən bələdiyyələr arasında ən yaxşı təcrübənin yayılması məqsədilə regional forumlar təşkil edilib, “ilin ən yaxşı bələdiyyəsi” nominasiyası əsasında kənd bələdiyyələri arasından ən yaxşı yerli özünüidarə qurumları seçilib.