Sentyabrın 30-da Ermənistan hökuməti 2011-ci il üzrə dövlət büdcəsi layihəsni təsdiq etdi. “İqtisadi forum” jurnalı xəbər verir ki, ölkənin maliyyə naziri Tiqran Davtyanın açıqlamasına görə, gələn il üçün ÜDM-in həcmi 3 trilyon 763,5 milyard dram ($10,4 milyard), artım tempinin isə 4,6% həcmində proqnozlaşdırılıb.
Nazir onu da bildirib ki, 2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 850 milyard dram ($2,4 milyard), xərcləri isə 998,4 milyard dram ($2,8 milyard) nəzərdə tutulub. Büdcə kəsiri 148,6 milyard dram ($0,4 milyard) və ya ÜDM-in 3,9%-ni həddində olacaq. “2009-cu ildə büdcə kəsiri ÜDM-in 7,5%-i həddində olsa da, 2010-cu ildə azalaraq 6% həddində planlaşdırılıb. Ola bilsin bu göstərici 4,8% olsun” – deyə nazir bildirib.
Xatırladaq ki, 2010-cu ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 742 milyard dram ($2,1 milyard), xərcləri isə 935,5 milyard dram ($2,6 milyard) proqnozlaşdırılıb. Büdcə kəsiri 193,4 milyard dram ($0,5 milyard), iqtisadi artım 1,2% həddində gözlənilir. |