Samir Əliyev: “Ölkə banklarının bir çoxu iri holdinqlərin kassası funksiyasını həyata keçirir”
Beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının informasiya şəffaflığı üzrə göstəricini açıqlayıb. “Standard & Poor’s” reytinq agentliyinin ölkə bankları barədə hazırladığı tədqiqatdan məlum olur ki, Azərbaycan banklarının informasiya şəffaflığı indeksi MDB ölkələri üzrə bankların orta göstəricisindən də aşağıdır. Agentliyin mütəxəssislərinin hazırladıqları “Azərbaycan banklarının informasiya şəffaflığı: aşağı tənzimləyici intizam məlumatın açıqlanması sahəsində inkişafa əngəl törədir” adlı tədqiqatda qeyd edilir ki, 2010-cu ildə Azərbaycanın 30 iri bankının informasiya şəffaflığı indeksi (İŞİ) üzrə orta bal 30 faiz təşkil edib.
Maliyyə məlumatlarına əlçatanlığın qiymətləndirilməsinə daha mühafizəkar yanaşdıqda məlum olur ki, orta göstərici daha aşağıdır və 19 faizə bərabərdir. Bu göstərici MDB ölkələrinin analoji bankları ilə müqayisədə kifayət qədər aşağıdır. Məsələn, Rusiyada bu səviyyə 52 faiz, Ukraynada isə 43 faiz təşkil edir. Tədqiqata görə, Azərbaycan banklarının aşağı orta balı əsas etibarilə veb-saytlarda məlumatların kifayət qədər olmaması, illik hesabatların tam yerləşdirilməməsi, o cümlədən rəsmi hesabatlılığa aşağı tələbin olması ilə bağlıdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, adıçəkilən hesabat reallığı tam əks etdirir: “Ölkədə hazırda fəaliyyət göstərən 47 bankdan 30-u tədqiqata salınıb. Bu banklar Azərbaycanda ən iri aktivlərə malik maliyyə qurumlarıdır və onların bazar payı 96 faiz təşkil edir. 30 bank məlumat şəffaflığı baxımında yüksək potensiala malikdir. Əgər ölkənin aparıcı banklarının məlumat açıqlığı bu səviyyədədirsə, onda yerdə qalan 17 bankdan nə gözləmək olar? Elə banklar var ki, onların yalnız adları məlumdur, onların nə işlə məşğul olduqları və ya harada yerləşdikləri hətta bank sahəsində tədqiqat aparan ekspertlərə də məlum deyil. Digər tərəfdən, az qala kiçik bir şirkətin və ya fərdin internet səhifəsi olduğu dövrdə bəzi bankların internet saytlarının olmaması və ya işləməməsi təəssüf doğurur. Belə olan vəziyyətdə təbii ki, bank sistemində məlumat şəffaflığından danışmaq mümkün deyil”.
S.Əliyevin fikrincə, hesabatda diqqəti çəkən məqamlardan biri də xarici kapitallı bankların yerli banklarla müqayisədə daha açıqlığıdır: “Hesabatda qeyd edilir ki, cəmiyyətə ən açıq bank ”Accessbank"dır. Bu bank 50 faizlik həddi keçən yeganə bankdır və 100 faiz xarici kapitala malikdir. Xarici investorlar beynəlxalq standartlara əməl edilməsində daha çox maraqlıdırlar. Bu bank 2007-ci ildə dövriyyəyə avroistiqraz buraxıb. Belə istiqrazlar isə bir qayda olaraq məlumat açıqlığını artırır. Hesabata 4 xarici, 23 yerli bank daxil edilib. Xarici banklar üzrə şəffaflıq indeksi 38 faiz olduğu halda, yerli banklar üzrə 31 faiz təşkil edir. Bu isə xarici kapitallı bankların ictimaiyyətə açıqlığa daha çox meylli olduğunu göstərir".
S.Əliyev hesab edir ki, banklar bu gün cəmiyyətə tələb olunandan da çox qapalıdırlar. Bu təşkilatlar kommersiya sirrini bəhanə edərək ən adi məlumatı gizlədirlər ki, ekspertə görə, bu da təbiidir: “Çünki bankların fəaliyyətini bir qədər yaxından müşahidə etməklə orada olan problemləri açıqca görmək olar. Bu gün ölkə banklarının bir çoxu əhaliyə keyfiyyətli xidmət göstərmək əvəzinə daha çox iri holdinqlərin kassası funksiyasını həyata keçirir. Bəziləri pul köçürmələri üzrə ixtisaslaşıb”. Həmsöhbətimizin fikrincə, Mərkəzi Bank məlumat qıtlığını qismən aradan qaldırsa da bu kifayət etmir: “Mərkəzi Bank aylıq bülletenlər nəşr edir. Buradan bir sıra məlumatları əldə etmək olar. Ancaq qurumun məlumatları daha çox ümumi xarakter daşıyır. Kreditlərin sahələr üzrə bölgüsü verilsə də, regionlar üzrə bölgüsü verilmir. Kredit qoyuluşunda bankların ayrılıqda payı göstərilmir. Xarici valyutada verilən kreditlərdə dolların, avronun və digər valyutaların payı göstərilmir. Eyni iradı əmanətlərlə bağlı məlumatların keyfiyyəti ilə bağlı da söyləmək olar. Ölkədə hər üç bankdan biri zərərlə işləyir, 4 bankın məcmu kapitalı 10 milyon manatlıq minimum həddən də aşağıdır. Ancaq söhbətin hansı banklardan getdiyi cəmiyyətə açıqlanmır”.
Ekspert onu da bildirdi ki, Mərkəzi Bankın məlumatların açıqlanması, hesabatların dərci üzrə tələbləri var, amma təəssüf ki ona tam əməl olunmur. Belə ki, qanunvericiliyə görə, banklar hər il audit yoxlamasından keçdikdən sonra illik balanslarını dərc etməlidirlər: “Əgər ötən əsrin 90-cı illərinin sonlarında balansların dərcini müşahidə etmək olurdusa, artıq son illər buna rast gəlinmir. Bu onu göstərir ki, illik hesabatlar ya ümumiyyətlə dövrü mətbuatda dərc olunmur, ya da insanların az əlçatan olduğu, heç kimin tanımadığı qəzetlərdə dərc olunur. Halbuki məlumatın maksimum dərəcədə yayılması üçün hesabatların tanınmış mətbu orqanlarda dərc olunması vacibdir. Bankların saytına diqqət yetirsək görərik ki, bəzilərində sonuncu dəfə 2-3 il öncəki hesabatlar yerləşdirilib. Nəinki 2009-cu ilin, heç 2008-ci ilin hesabatları da yoxdur”.
Hesabatda ən az bal toplayan komponent səhmdarların hüquqları və bankın yüksək vəzifəli işçilərin mükafatları barədə məlumatların açıqlığı səviyyəsidir. Səhmdarların hüquqları sahəsində göstərici Azərbaycan banklarında 5 faiz təşkil edir. Halbuki Rusiyada uyğun göstərici 45 faizə bərabərdir. S.Əliyevin sözlərinə görə, bu, onu göstərir ki, banklar hələ də investorlarla əlaqələr işini aktiv qura bilməyiblər: “Ən acınacaqlı vəziyyət isə bank sektorunda işləyən yüksək vəzifəli işçilərin aldıqları mükafatlar barədə məlumatların tam gizlədilməsidir. Bu istiqamətdə banklarımız 0 bal toplayıb. Bu, o deməkdir ki, mükafatların həcmi barədə məlumatları əldə etmək nəinki çətindir, hətta mümkün deyil”.
Həbibə ABDULLA
"Yeni Müsavat" qəzeti |