Samir Əliyev: "Banklar ölkə iqtisadiyyatında hələ də arzu olunan səviyyədə rol oynaya bilmir"
“2010-cu il Azərbaycanın bank sektorundan müsbət və mənfi məqamlarla yadda qaldı. Dünya bank sisteminə tam inteqrasiya olunmamış banklarımızın problemləri xaricdən çox daxili amillərlə bağlıdır.” İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.
Ekspertə görə, Azərbaycan iqtisadiyyatının digər sahələri ilə müqayisədə bank sistemi böhrandan minimum itki ilə çıxıb: “Bu, daha çox bankların həddindən çox ehtiyatlılıq nümayiş etdirməsi ilə bağlıdır. Böhran ilk növbədə, bir sıra ölkələrin bank sektorunu sıradan çıxartdı. ABŞ, Avropa kimi ölkələrin bankları böhranın dağıdıcı zərbəsi ilə üzləşdilər. Onların bir qismi bağlandı, digərləri dövlətdən borc almaq məcburiyyətində qaldılar. Əlbəttə banklarımızın böhrandan üzüağ çıxması yaxşı haldır və bu əslində gözlənilən idi. Çünki dünya bank sisteminə tam inteqrasiya olunmamış banklarımızın problemləri xaricdən çox daxili amillərlə bağlıdır.”
Bankların 2010-cu ildəki fəaliyyətinə qiymət verən ekspertin fikrincə, yola salacağımız il ölkənin bank sektorundan müsbət və mənfi məqamlarla yadda qaldı. Onun sözlərinə görə, Mərkəzi Bank ilin əvvəlində pul kredit siyasəti haqqında bəyanatına uyğun olaraq inflyasiya səviyyəsinin artmasını imkan daxilində zəiflətdi, manatın məzənnəsinin sabitliyini təmin etdi. Maliyyə bazarında sabitlik hökm sürdü. Ölkənin əsas bankı dollar və avron qarşıdurması fonunda manatın sabitliyi qorundu. Xarici valyutaların məzənnələrində müşahidə edilən qeyri-sabit rəqslər manatı relsdən çıxara bilmədi. “İlin əvvəlində dolların möhkəmlənməsi, avronun isə ucuzlaşması fonunda milli valyutanın məzənnəsində ciddi dəyişiklik baş vermədi. İlin birinci yarısında avro manata nisbətən 15%-ə qədər ucuzlaşsa da, Mərkəzi Bank dolların 80 qəpik həddini keçməsinin qarşısını aldı. Ölkə iqtisadiyyatının dollarda yüksək asılılığını nəzərə alaraq Mərkəzi Bank valyuta ehtiyatlarının itkisi hesabına dolların 79,97-80,37 qəpik intervalını aşmasına imkan vermədi. Bunun nəticəsində 2009-cu ildə manata münasibətdə insanların psixologiyasında yaranmış ehtiyatlılıq aradan qalxdı. İstər əhalinin ayrı-ayrı təbəqələri, istərsə də banklar milli valyutaya üstünlük verməyə başladı. Bu səbəbdən il ərzində əmanətlərdə manatın çəkisi 40%-dən 45%-ə, kredit qoyuluşunda isə 58%-dən 63%-ə qədər artdı. İlin ikinci yarısında dünya bazarlarında dollar kəskin ucuzlaşması da Azərbaycanda ciddi hiss olunmadı. İnflyasiya səviyyəsinin 6%-ə çatdığını nəzərə alan Mərkəzi Bank inflyasiya idxalını minimuma endirmək üçün dolların kəskin ucuzlaşmasına imkan vermədi”, -deyə ekspert əlavə edib.
S.Əlyev digər müsbət addım kimi kredit faizlərinin cüzi də olsa aşağı salınmasını qeyd edib: “Bu, Mərkəzi Bankın müdaxiləsi ilə baş verdi. Əmanətlərin Sığortalanması Fondu əhalidən qəbul edilən əmanətlər üzrə sığortalanan faiz dərəcəsini 15%-dən 12%-ə saldı. Bu isə əvvəl depozit, sonra kredit faizlərinin bir neçə faiz aşağı salınmasını şərtləndirdi”.
Ekspertin fikrincə, bank sektoru 2010-cu ildə ölkədə iqtisadi aktivliyin artmasını təmin edə bilmədi: “Əvvəlki illərlə müqayisədə 2010-cu ildə kredit qoyuluşunda azalma müşahidə edilir. Əgər böhrandan əvvəl – 2008-ci ildə ölkə üzrə kredit qoyuluşu 3 milyard manata yaxın idisə, 2009-cu ildə bu göstərici azalaraq 1,3 milyard manata düşüb. İlkin təhlil göstərir ki, 2010-cu ildə kredit qoyuluşunun həcmi 1 milyard manatdan da az olacaq. Kredit qoyuluşunun azalması isə öz növbəsində, iqtisadi aktivliyə mənfi təsir göstərir. Kredit qoyuluşunun azalması bir tərəfdən bankların resurslarının məhdudluğu ilə bağlıdırsa, digər tərəfdən problemli kreditlərin artması ilə əlaqədardır”.
S.Əliyev banklarda kapitallaşma probleminin tam həllini tapa bilməməsi problemini də qabartdı. Onun sözlərinə görə, bir sıra Mərkəzi Bankın bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal həddə riayət etmir. 6 bankın məcmu kapitalı bu həddən, yəni 10 milyon manatdan aşağıdır. Bunlardan 4 bankın nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 2 bankın nizamnamə kapitalı isə 3,5 milyondan 5 milyon manatadək təşkil edir. Artıq onların ikisinin lisenziyası geri alınıb. Ancaq 4 bankın problemi hələ də həll olunmayıb.
Ekspert kredit qoyuluşunun azalmasının digər əsas səbəbi kimi problemli kreditlərl bağladı. “Son aylar problemli kreditlərin həcminin artması kredit qoyuluşunun azalmasına gətirib çıxarıb. Artıq rəsmi məlumatlarda vaxtı keçmiş kreditlərin payının 5%-ə çatdığı bildirilir. Bu 2004-cü ildən bəri ən yüksək göstəricidir. Reallıqda isə problemli kreditlərin payı daha çoxdur. Təkcə Beynəlxalq Bankın vaxtı keçmiş kreditlərinin həcmi cəmi kreditlərin 6%-ni təşkil edir. Mərkəzi Bankın statistik məlumatları reallığı tam əks etdirmir. Üstəgəl problemli kreditlərin uçotu beynəlxalq standartlara uyğun aparılarsa bu hədd ən azı 20%-ə qədər yüksələr. Son bir ildə problemli kreditlərin həcmi 2 dəfəyədək artıb” – deyən ekspertə görə, banklar özlərini sığortalamaq üçün kredit şərtlərini ağırlaşdırır və eyni zamanda kredit faizlərini yüksək həddə saxlamağa üstünlük verirlər.
2010-cu ildə bank kreditləri alan müştərilərin kəskin cəmləşməsi prosesi davam edib. Hətta beynəlxalq təşkilatlar da bu fikri təsdiq edib. İpoteka kreditləşməsində də ciddi irəliləyiş baş vermədi. İpoteka kreditləri üzrə ayrılan vəsaitlərin azlığı və onların verilmə şərtlərinin ağır olması səbəbindən daşınmaz əmlak bazarını canlandıra bilmədi. Dövlət büdcəsindən ayrılan 14 milyon manatlıq vəsait və İpoteka Fondunun aşağı faizli istiqrazları ipoteka kreditləşməsini arzu olunan səviyyəyə qaldıra bilmədi.
Mərkəzi Bank öz bəyanatına rəğmən bankların konsolidasiyası prosesinə start vermədi. İlin sonunda 2 bankın – Debüt bankın və Kövsər bankın lisenziyasını geri almaq kifayətləndi. Halbuki reallıq ölkə banklarının yarıbayarı azaldılmasını zəruri edirdi.
Ekspertə görə, banklar ölkə iqtisadiyyatında hələ də arzu olunan səviyyədə rol oynaya bilmir: “Bank aktivlərinin ÜDM-də payı təxminən 30-35% təşkil edir. Halbuki bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Məsələn, Şərqi Avropa ölkələrində bank aktivlərinin ÜDM-də payı bizdən 2 dəfə çoxdur və 65-80% civarındadır. Qərbi Avropada bu daha yüksəkdir. Fransada 280%, Almaniyada 300%, Britaniyada isə 400% təşkil edir. Aktivlərinin həcmi orta hesabla 250 milyon manat olan bankın ölkə iqtisadiyyatına hansı rol oynayacacağını söyləmək bir o qədər də çətin deyil. Nəzərə alsaq ki, bunun yarısı təkcə Beynəlxalq Bankın payına düşür, bu halda vəziyyət ürəkaçan olmadığını görmək olar”.
Ekspert hesab edir ki, bank sisteminin dayanıqlığının və ölkə iqtisadiyyatında rolunun artırılması, habelə əhalinin etimadının qazanılması üçün 2011-ci ildə bir sıra zəruri addımların atılması vacibdir: “Əvvəla, bankların konsolidasiyası prosesi davam etdirilməlidir. Bankların sayı yaxın bir neçə ildə ən azı 30%-ə qədər azaldılması təmin edilməlidir. Onlar ya birləşməli, ya da bank olmayan kredit təşkilatına çevrilməlidir. İkincisi, uçot dərəcəsi ilə kredit faizləri arasında asılılığı təmin etmək üçün Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmini artırılmalıdır. Mərkəzi Bank depozit faizlərinin aşağı salınması yönündə inzibati tədbirləri davam etdirilməlidir. Bundan başqa banklarda kapitallaşmasına dair qaydalar sərtləşdirilməli, kredit risklərinin idarə edilməsi metodologiyası təkmilləşdirilməlidir. Kredit faizlərinin aşağı salınması məqsədilə xarici banklardan kredit vəsaitlərinin cəlbinə üstünlük verilməlidir. Əlavə mənbələr hesabına ipoteka kreditləri üzrə ayrılan vəsaitlərin həcmi dəfələrlə artırılmalı və daşınmaz əmlak bazarı canlandırılmalıdır. Manatın möhkəmlənməsinin qarşısı alınmalıdır” |