2010-cu ildə Mərkəzi Bank valyuta ehtiyatını tarixində ilk dəfə olaraq 6,4 milyard dollara çatdırıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, il ərzində Bankın valyuta ehtiyatı 24% artıb.
Bankdan verilən məlumata görə, 31 dekabr 2010-cu il tarixinə Mərkəzi Bankın ehtiyatı 1,3 milyard dollar artaraq 6,4 milyard dollara çatdırıb. Halbuki ilin əvvəlinə bu göstərici 5,2 milyard dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatının həcmi onun fəaliyyəti dövründə ən yüksək həddir. Bundan əvvəl böhrandan əvvəl, yəni 2008-ci ilin sonunda ehtiyatın həcmi artaraq 6,1 milyard dollara çatmışdı. Ancaq böhran nəticəsində bir sıra ölkələrdə milli valyutaların devalvasiya olunması və bu proseslərin Azərbaycan bazarında ajiotaj yaratmasının qarşısını almaq üçün Bank manatın sabitliyini təmin etdi. Bu isə valyuta ehtiyatının xeyli “əriməsi” hesabına baş verdi. Nəticədə 2009-cu ildə ehtiyatın həcmi 1 milyard dollar azaldı.
2010-cu ilə 5,2 milyard dollar həcmində vəsaitlə başlayan Məərkəzi Bankın ehtiyatı fevralın sonunda hətta azalaraq 5 milyard dollara düşdü. Növbəti aylarda isə yenidən artım tendensiyası bərpa olundu. |