Mülki Məcəllənin 64.6-ci maddəsində göstərilir: “Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər”. Məcəllənin 64-cü maddəsinin 4-cü bəndində qeyd edilir ki, yalnız fərdi sahibkarlar və (və ya) kommersiya təşkilatları tam ortaqlıqların iştirakçıları və kommandit ortaqlıqlarında tam ortaqlar ola bilərlər. Bu o deməkdir ki, dövlət orqanları və bələdiyyə qurumları cəmiyyət, o cümlədən səhmdar və ya məhdud məsuliyyətli cəmiyyət yarada bilməz.
Bir sıra qanunlar, o cümlədən bələdiyyə qanunvericiliyi isə yerli özünüidarə qurumlarının öz fəaliyyətlərini həyata keçirmək üçün kommersiya müəssisəsi yaratmaq hüququnu tanıyır. Məsələn, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Yerli vergilər və ödənişlər haqqında” qanunlarda bələdiyyələrin gəlir mənbələrindən biri kimi bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi göstərilib.
Digər misal: “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunun 7.2-ci maddəsində qeyd edilir ki, bələdiyyələr su təsərrüfatı obyektlərinin idarə olunmasını həyata keçirmək üçün müəssisə yarada bilər. Vergi Məcəlləsi də bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisini yerli vergilər qismində təsdiq edir.
Yuxarıda göstərilən ziddiyyətlərə baxmayaraq Vergilər Nazirliyi bu qurumların müəssisə yaratmaq hüququnu tanıyan qanunların sonradan qəbulunu əsas götürərək dövlət və bələdiyyə müəssisələrini qeydiyyata aldığı halda “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununun fevralın 17-də qüvvəyə minməsi ilə əlaqədar bu prosesi dayandırıb. Çünki qanunun 2.5-ci maddəsinə görə, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi məsələ ilə bağlı açıqladığı rəydə təcili olaraq Mülki Məcəlləyə müvafiq dəyişikliyin edilməsini, dövlət orqanları və yerli özünüidarə orqanlarının təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış etmək hüququnu məhrum edən qadağanın aradan qaldırılmasını təklif edir.
Birliyin eksperti Samir Əliyev hesab edir ki, Mülki Məcəllə qəbul ediləndə Rusiya təcrübəsi əsas götürülüb: “Rusiyanın Mülki Məcəlləsi tamamilə Azərbaycan dilinə çevrilib. Ancaq bəzi maddələrin ixtisarı indiki xoşagəlməz vəziyyətə gətirib çıxarıb. Rusiyada da dövlət və bələdiyyə müəssisələri üçün belə qadağa var. Sadəcə, qonşu ölkədə “unitar” müəssisə anlayışı kommersiya müəssisəsi qrupuna daxil edilir. Yəni dövlət qurumları və ya bələdiyyələr unitar müəssisə yarada bilərlər.
Müəyyən oxşarlıq olsa da, əslində unitar müəssisələr MMC və ya səhmdar cəmiyyətlərdən xeyli fərqlənir. Unitar müəssisələrdə gəlir ancaq nizamnamə fəaliyyətinə yönəldilir, MMC-lərdə isə təsisçilər arasında bölüşdürülür. Burada idarəetmə prinsipindən tutmuş mülkiyyət üzərində sərəncam vermək hüququna qədər prosedurlar arasında ciddi fərqlər var. Bu gün dövlətin yaratdığı müəssisələr, o cümlədən bu yaxınlarda yaradılan “Azərkosmos” ASC mahiyyət etibarilə unitar müəssisədir. Bu baxımdan ziddiyyət aradan qaldırılmalıdır. Hökumət ya qadağanı aradan qaldırmalı, ya da məcəlləyə “unitar müəssisə” anlayışını daxil etməlidir”.
Parlamentin regional siyasət komitəsinin üzvü Tahir Rzayev də eyni fikirdədir. Onun sözlərinə görə, “Bələdiyyələrin maliyyə əsasları haqqında” qanunda bələdiyyələrin özlərinin müəssisələrini yaratmaq və əlavə gəlir götürmək hüquqları tanınır: “Ancaq Mülki Məcəllədə bu yoxdur. Bu vəziyyət bələdiyyələrin hüquqi şəxs olmasına maneçilik göstərir.
Bununla bağlı ya prezident parlamentə qanun layihəsi göndərməlidir, ya da Milli Məclisin özündən təşəbbüs gəlməlidir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hesabatda Ədliyyə Nazirliyi uyğun təklif verib. Ona görə də hesab edirəm ki, bu məsələ yaxın bir neçə ayda həll olunacaq”.
Vergilər Nazirliyindən məsələyə verilən şərh isə deməyə əsas verir ki, nazirlik heç bir maneə törətmir. Qurumun analitik informasiya şöbəsindən məsələyə bir cümlə ilə rəy bildirilib: “Vergilər Nazirliyinin qeydiyyat orqanları tərəfindən dövlətin və bələdiyyənin iştirakı ilə yaradılan təsərrüfat cəmiyyətlərinin qeydiyyata alınması ümumi qaydada davam etdirilir”.
Nazirliyin cavabını şərh edən ekspertlərin fikrincə, yaranmış durumda konstitusiya əsas götürülür. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunvericilikdə yaranmış hər hansı ziddiyyət vətəndaşın xeyrinə yozulmalıdır: “Görünür, Vergilər Nazirliyi də konstitusiyanı əsas götürür. Lakin narazılıqların da olduğunu nəzərə alsaq, düşünmək olar ki, nazirliyin qeydiyyat orqanları heç də hamıya eyni yanaşmırlar. Yəqin ki, müəyyən məqamlarda ziddiyyətli maddələrə də istinad edirlər. Ona görə də Mülki Məcəlləyə mütləq dəyişiklik edilməli və bu ziddiyyət aradan götürülməlidir”.
Həbibə ABDULLA
"Mediaforum"