Qurum yerli özünüidarənin inkişafı ilə bağlı 2012-ci ildə Azərbaycanda monitorinqə başlayır
“Avropa Şurası Azərbaycanda bələdiyyələrin inkişafına diqqəti artıracaq. Elə bu məqsədlə Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu Avropa Xartiyasından doğan öhdəliklərin icra səviyyəsini yoxlamaq üçün gələn il ölkəmizə səfər edəcəklər.”. “İqtisadi forum” jurnalına bu barədə Strasburqda səfərdə olmuş İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev açıqlama verib.
Samir Əliyevin sözlərinə görə, təmsil olunduğu Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının ekspertləri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin dəvəti ilə 27 mart - 1 aprel tarixlərində Strasburqda işgüzar səfərdə olublar. Avropa Şurasının müxtəlif strukturlarını əhatə edən səlahiyyətli nümayəndələrlə keçirilən görüşlərdə Alyansı onunla yanaşı Abil Bayramov Elşad Mikayılov təmsil ediblər. Səfərdə məqsəd Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində Avropa Şurasının müvafiq qurumu ilə Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı arasında məsləhətləşmələr aparmaq olub.
S.Əliyevin açılamasına görə, nümayəndə heyətinin ilk görüşü Konqresin Baş Katibi Andreas Kiefer və Yerli Hakimiyyət Palatasının icraçı katibi Jan-Filip Bozoulsla olub. “Görüşdə ümumilikdə Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti, Yerli Özünüidarə Haqqında Avropa Xartiyasından doğan öhdəliklərin yerinə yetirilməsi və Alyansla əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr zamanı Cənab Kiefer bildirib ki, Konqres bundan sonra Azərbaycanda yerli özünüidarənin inkişafına diqqəti artıracaq və əksmərkəzləşmə islahatlarının sürətləndirilməsini təmin etmək məqsədilə hökumətlə əməkdaşlığı gücləndirəcək. Baş katib onu da əlavə edib ki, Konqres qarşıdakı dövrdə monitorinq aparılacaq ölkələrin siyahısını təsdiq edib. Plana görə, 2012-ci ildə Azərbaycanda da monitorinq aparılacaq və ölkənin Avropa Xartiyasından irəli gələn öhdəlikləri nə dərəcədə yerinə yetirdiyi yoxlanılacaq”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Konqresin Monitorinq Komitəsinin katibi Stefani Poirel və Parlament Assambleyasının Monitorinq Departamentinin fəaliyyətdə olan başçısı Aqnieşka Naçilo ilə keçirilən görüşdə qeyd edilib ki, yeni qəbul edilmiş qaydaya görə üzv ölkələrdə 5 ildən gec olmamaq şərti ilə monitorinq aparılmalıdır. Azərbaycanda da gələn ilin 2-ci rübündən başlayaraq monitorinqə başlanacaq. S.Poirelin sözlərinə görə, monitorinq çərçivəsində ölkədə yerli özünüidarə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının ekspertləri ilə görüşlər keçiriləcək və onların rəyləri hesabatda əksini tapacaq.
ALDA-nın layihə meneceri Meike Vesterhaus və Avropa layihələri və əməkdaşlıq fəaliyyətləri bölməsinin başçısı Marite Morasla görüşdə əsas diqqət vətəndaş cəmiyyəti, bələdiyyə assosiasiyaları, bələdiyyələr və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub. Xanım Vesterhaus bildirdi ki, təmsil etdiyi Yerli Demokratiya Agentlikləri Assosiasiyası (ALDA) Gürcüstan və Ermənistanda sonra Azərbaycanda da fəaliyyətini qurmaq niyyətindədir.
Bundan başqa nümayəndə heyəti Kommunikasiya və Seçki Müşahidəsi şöbəsinin rəhbəri Renate Zikmund, Siyasi İşlər və Demokratiya Baş Direktorluğunun məsləhətçisi Maykl İnqledov və eksperti Alina Tatarenko, Cari İşlər Komitəsinin katibi Dmitri Marçenkov, İnsan Haqları Komissarlığı ofisinin məsləhətçisi Anna Veber və başqaları ilə görüşlər keçirərək müzakirələr aparıblar.
Ekspert sonda bildirib ki, Avropa Şurası təmsilçiləri Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətindəki fəaliyyətlərində Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı ilə yaxından əməkdaşlıq etmək niyyətindədir.
|