Azərbaycanda ictimai maliyyə ilə bağlı məlumatlarına əlçatanlıq səviyyəsi heç vaxt qaneedici olmayıb. Sıravi vətəndaşlardan fərqli olaraq bu məlumatların aktiv istifadəçiləri olan vətəndaş cəmiyyəti təmsilçiləri, dövri mətbuat nümayəndələri, araşdırmaçılar daim məlumatların keyfiyyətindən və onları əldə edilməsinin çətinliyini qabardıblar. İnformasiya texnologiyaların inkişaf fonunda məlumatların elektronlaşması, hökumətin məlumatların açıqlanmasına dair tələblərinin artması və əhalinin elektron xidmətlərə əlçatanlığı da problemi həll edə bilməyib. Elə bu baxımdan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri “İctimai maliyyə ilə bağlı məlumatlarının əlçatanlığı: qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və mövcud vəziyyət” adlı bülleten hazırlayıb.
Bülletenin hazırlanmasında məqsəd ölkədə ictimai maliyyə məlumatlarına əlçatanlığı qiymətləndirməkdir. Araşdırmada ilk növbədə ictimai maliyyə məlumatlarına əlçatanlığın hüquqi təminatına yer ayrılıb. Bu bölmədə Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunlar, o cümlədən “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “Büdcə sistemi haqqında” qanunlar məlumatların açıqlanması öhdəlikləri kontekstində analiz edilib. Bölmədə həmçinin hüquqi bazada mövcud olan məhdudiyyətlərə diqqət yetirilib.
Bülletenin digər bölməsində ictimai maliyyəsi ilə bağlı məlumat açıqlığı və şəffaflıq sahəsində beynəlxalq təşəbbüslər barədə məlumatlar verilib. Beynəlxalq təşəbbüslər qismində BVF-nin Fiskal Şəffaflıq Məcəlləsinə, Dünya Bankının PEFA proqramının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Tövsiyələrinin, Open Government Datanın, Fiskal Şəffaflıq üçün Global Təşəbbüsün və Açıq Büdcə İndeksinin şəffaflıq və hesabatlılıq sahəsindəki tələblərinə istinad edilib.
Bülletenin sonuncu bölməsi ictimai maliyyə sahəsində məlumat açıqlığının mövcud durumuna həsr edilib. Bölmədə dövlət qurumları və dövlət şirkətlərinin hesabatlılığı qiymətləndirmək üçün onların rəsmi internet saytları yoxlanılıb, maliyyə hesabatları analiz edilib.